BAKI, 13 iyun — Sputnik. Milli Məclisin bugünkü plenar iclasında "Atçılıq haqqında" qanunda dəyişikliklərə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 1. 2-ci maddəsində "Damazlıq işi haqqında" sözləri "Damazlıq heyvandarlıq haqqında" sözləri ilə əvəz edilir.
11.3-cü maddədə "subyektlərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi" sözləri "subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək" sözləri ilə əvəz olunur.
Layihə "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq "Atçılıq haqqında" qanununda istinad olunan, eləcə də məsuliyyəti müəyyən edən qanunun adının dəqiqləşdirilməsi məqsədi ilə hazırlanıb. Belə ki, dəyişiklikdə İnzibati Xətalar Məcəlləsinin konkret adı göstərilir. Bu məcəllənin 284-cü maddəsində atçılıq qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyənləşdirilib.
İclasda "Damazlıq heyvandarlıq haqqında" qanunda dəyişikliklərə də baxılıb. Dəyişikliyə görə, həmin qanunun 17.4-cü maddəsinin ikinci cümləsində və 22.5-ci maddədə "qanunvericilikdə" sözü "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində" sözləri ilə əvəz edilir.
29-cu maddədə "qanunvericiliyinə" sözü "İnzibati Xətalar Məcəlləsinə" sözləri ilə əvəz olunur. 30-cu maddədə "Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq" sözləri "inzibati və məhkəmə qaydasında" sözləri ilə əvəz edilir.
Qanun layihəsi "Atçılıq haqqında" qanunda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli qanunun tətbiqi ilə əlaqədar və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğun olaraq "Damazlıq heyvandarlıq haqqında" qanununda istinad olunan, eləcə də məsuliyyəti müəyyən edən qanunun adının dəqiqləşdirilməsi məqsədi ilə hazırlanıb. Belə ki, dəyişiklikdə İnzibati Xətalar Məcəlləsinin konkret adı göstərilir. Bu məcəllənin 283-cü maddəsində damazlıq heyvandarlıq haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyənləşdirilib.
Hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.