BAKI, 13 iyun — Sputnik. Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinə sayılı günlər qalıb. Artıq bir çox Formula 1 mütəxəssisləri paytaxtımıza gəlib. Sputnik Azərbaycan xəbər verir ki, Bakı Şəhər Halqasının mətbuatla əlaqələr şöbəsinin əməkdaşları Azərbaycan Qran Prisində iştirak edəcək texniki təftiş marşalı 45 yaşlı Steven Lanqdan müsahibə alıb.
— Zəhmət olmasa əvvəlki marşallıq təcrübəniz haqqında məlumat verərdiniz.
— Texniki təftiş marşalı olaraq ilk dəfə 2014-ci ildə Qətərin Losail Beynəlxalq Halqasında keçirilmiş yarışda iştirak etmişəm. Bu, Qətərin Supervelosiped Yarışları Seriyasına aid yarış idi. Yarışın tam içində, Pit Yolunda və qarajlarda olduğum üçün həmin işimdən böyük zövq aldım. Təhlükəsizlik və texniki tənzimləmələrlə bağlı göstərişlərin yerinə yetirilməsində köməklik göstərdiyimə və həmçinin yeni dostlar qazana bildiyimə görə bu təcrübədən doyunca zövq aldım. Həmin il Qətərdə baş tutmuş bir neçə yerli yarışda texniki təftiş vəzifəsini icra etdim və ilk dəfə beynəlxalq yarış olan 2015-ci il Qətər MotoGP yarışında texniki təftiş marşalı olaraq çalışmaq fürsətinə nail oldum. Bundan sonra mən daha böyük yarışlara yönəldim və 2015-ci ildə Bəhreyndə keçirilmiş Gulf Air Formula 1 Qran Pri yarışına seçilmək mənim üçün böyük üstünlük oldu. Eyni istəklə karyerama davam etdim və həmin il Abu Dabi Formula 1 Qran Prisinə seçildim. Bu il Bakıda keçirilən Azərbaycan Qran Prisində iştirak edəcəyəm və bu mənim qatıldığım sayca 6-cı Formula 1 yarışı olacaq.
— Ötən il Bakı Şəhər Halqasında (BŞH) marşal olmusunuzmu?
— Bəli, mən 2016-cı ildə Bakıda ilk dəfə keçirilmiş Formula 1 Avropa Qran Prisində böyük həyəcanla iştirak etdim və bu yarışın bir hissəsi olduğum üçün özümü şanslı sayıram. Bu, mənim Bakıya ilk səfərim idi. Hava limanına enəndən etibarən məni böyük qonaqpərvərliklə qarşıladılar və mən şahid oldum ki, Azərbaycan xalqı dünyanın ən mehriban insanlarıdır. Həmin yarış həftəsonu mən Haas Formula 1 komandasının qarajında texniki təftiş marşalı olaraq fəaliyyət göstərdim.
— 2016 Formula 1 Avropa Qran Prisi haqqında məlumatı hardan öyrəndiniz və bu yarışa necə müraciət etdiniz?
— 2015-ci ilin sonlarına doğru, mən internetdə Bəhreyndən texniki təftiş marşalları komandasının Bakıda ilk dəfə keçiriləcək Qran Pri yarışına hazırlıq çərçivəsində BŞH-nin əlaqədar marşallarına məsləhət, rəhbərlik və texniki təftiş xidmətləri üzrə dəstək verəcəyi barədə məqalə oxudum. Bu mənim üçün böyük fürsət idi. Çox sayda email, telefon zəngləri və hətta Skype vasitəsilə keçirilən müsahibədən sonra məni həmin yarış üçün seçdiklərini bildirdilər.
— Ötən ilki Qran Pri yarışı ilə bağlı bizimlə bölüşə biləcəyiniz hər hansı bir xatirəniz var?
— Əlbəttə, var. Mənim üçün yarış həftəsonunun ən möhtəşəm və yaddaqalan anlarından biri çempionlara kubokun verilmə mərasimində iştirak etmək idi. Yarışın uğurla keçirilməsindən yaranmış böyük sevinc burada iştirak edən hər kəsin üzündə əks olunurdu. Yüzlərlə üçrəngli bayrağın qürurla dalğalandırılması da bu sevincə daha böyük coşqu qatırdı. Belə bir abı-hava içərisində olmaq sadəcə möhtəşəm idi.
İkinci məqam o idi ki, cümə günü axşam işdən sonra yeni trekdə yürüş etdim və treki yaxından müşahidə elədim, xüsusən də sürücülərin gözündən (ən azından onlar kimi). Bu il iyunun 23-ü, cümə günü yenə eyni vəzifəni icra edəcəyəm. Sonuncu məqam ondan ibarətdir ki, Haas Formula 1 komandası öz qarajında bolidləri və texniki heyəti ilə birlikdə mənimlə şəkil çəkdirdilər. Bu, mənim üçün böyük ayrıcalıq oldu.