BAKI, 12 iyun — Sputnik. Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub. Layihə qəbul olunsa, məcəlləyə yeni 522-ci (Yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsi) maddəsi əlavə ediləcək.
Yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsinə görə 60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynləri və ya digər qanuni nümayəndələr 100 manatdan 250 manatadək cərimə ediləcək.
Sputnik Azərbaycan-ın əməkdaşı yeni təkliflə bağlı sosial şəbəkələrdə sorğu keçirib. Sosial şəbəkə istifadəçilərinin yeni təklifə münasibətini təqdim edirik:
Elşən Mahmudov: "18-yaşına qədər uşaqlara siqaret şatışı qadağan edilsin. Satanlar cərimə olunsun. Bu, daha düzgündür".
Elçin Bayramlı: "Uşaqların siqaret çəkməsinə görə valideynlərin cərimələnməsi təklifini tam dəstəkləyirəm. Çünki bu təklifi ilk dəfə mən irəli sürmüşəm və 10 ildən çoxdur bunun vacibliyini yazıram və əsaslandırıram. Həm də mən təkcə siqaretə görə yox, uşaqların törətdikləri bütün cinayətlərə görə valideynlərin həbs edilməsini, vurduqları bütün zərərin 5 qatının valideynlərə ödətdirilməsini təklif etmişəm. Məsələn, yeniyetmə maşınla qəza törədirsə, valideyn dərhal və şərtsiz həbs edilməli, vurulan ziyan valideynə ödətdirilməli, maşın müsadirə edilərək satılmalı və pulu uşaq evlərinə köçürülməlidir. Bu pullarla internat uşaqları ekskursiyalara aparılmalıdır. Sizi inandırıram ki, burda effekt 99 faiz civarında olacaq və alternativ heç bir yol yoxdur".
Asif Haqverdiyev: "Əksər millət vəkillərinin uşaqları qəlyan, siqaret çəkir, spirtli içki içir. Bəs onları kim cərimələyəcək?"
Könül Sadıqzadə: "Mənim övladımın siqaret çəkməsindən kimə nə? Çəksə də valideyn olaraq mən icazə verirəm deyə çəkir. Kiminsə övladı spirtli içki içir. Mən qarışıram? Mənasız qanundur".
Günel Eyvazova: "Cərimədənsə mağazalara, şərab evlərinə ciddi nəzarət olunsun, siqaret uşaqlara satılmasın, ya da bu məhsulların qiyməti artırılsın".
Tərxan Paşazadə: "Bəs siqaret satanlar, siqaret istehsalı ilə məşğul olanlar niyə cərimələnmir? Siqaret çəkmirəm və onun tərəfdarı da deyiləm. Ancaq belə bir cərimənin müəyyənləşməsini doğru hesab etmirəm. Çünki bu, oğullar və atalar arasında yeni problemlərin yaranmasına səbəb olacaq".
Ramilə Qardaşxanqızı: "Valideyn var ki, yetkinlik yaşına çatmayan uşaqlarının cibinə siqaret, kontur və s. kimi lüzumsuz ehtiyaclar üçün xərclik qoyur. Ona görə də cəriməni ödəməlidirlər".
Elşən Əzim: "Əvvəlcə mağazalarda azyaşlı uşaqlara siqaret satmamaq tələbi qoyulmalıdır. Ədədlə siqaret satışı qadağan edilməlidir. Valideynin də üzərinə məsuliyyət qoymaq yaxşı haldır".
Pərviz Sadiqov: "Məntiqsizdir. Ümumiyyətlə, siqaret çəkməyi necə müəyyənləşdirə bilərlər ki? Uşaqlar da çalışacaq ki, gizlincə çəksin və gizli bir şey daha maraqlı gəldiyi üçün yayılacaq. Siqaret çəkməmək sadəcə tövsiyə xarakterli olmalıdır. Böyüklərə də, uşaqlara da, ailələrə də. Qadağa məntiqsizdir. Təhsilin keyfiyyətini, ciddiyyətini artırmaqla belə məsələləri də insanların seçiminə buraxmalıdırlar. Yoxsa hər il yüz minlərlə savadsız uşağa dərs deyib, onlardan qanun gözləmək gülünc haldır. Həm də atanın cərimə ödəməsi uşağı siqaret çəkməkdən yayındıra bilməz".
Qazax Nağı: "Siqaretin 18 yaşa çatmayanlara satılmaması yetərli addım olar. Buna nəzarəti gücləndirsələr, daha məqsədə uyğun olar".