BAKI, 12 iyun — Sputnik. Sabunçu rayon Polis İdarəsinin əməkdaşları adam oğurluğu edən qrupu zərərsizləşdirib.
Bu barədə Sputnik Azərbaycan-a AR DİN-nin mətbuat xidmətindən məlumat verilib.
RPİ-nin 12-ci polis bölməsinə Qazax rayon sakini İsmayıl Umudov müraciət edərək bildirib ki, onu əvvəllər tanımadığı şəxslər oğurlayaraq bir gecə naməlum ünvandakı evdə saxlayıblar. Onu döyərək 90 manat və 1400 türk lirəsini götürüblər.
İlkin araşdırma zamanı əməliyyatçılar oğruların izinə düşərək Masallı rayon sakini Cavid İbrahimovu, onun qardaşı Validi, Aqil Nüsrətlini, Xəzər rayon sakinləri Kənan Cəlalini, Cavid Fərzəlyevi və Ağsu rayon sakini Amil Quliyevi saxlayıb.
Məlum olub ki, Umudov Türkiyədə yaşayır və hadisə baş verməmişdən bir neçə gün əvvəl Cavid İbrahimovun qohumu ilə tanış olub. Bundan sonra İbrahimov Umudovun telefonuna SMS göndərərək onu Buzovna qəsəbəsinə görüşə çağırıb. Umudovu Buzovnada İbrahimov və onun dörd qohumu qarşılayıb.
Sözügedən şəxslər Umudovu döyüblər, bütün pullarını alıblar, sonra qurbanlarını Opel markalı avtomobilin baqajına ataraq Fərzəliyevin Albalılıq qəsəbəsindəki evinə aparıblar. Cinayətkarlar Umudovu orada bir gün saxlayıblar.
Onlar Umudovu soyunduraraq şəkillərini çəkiblər və hədələyiblər ki, əgər polisə şikayət etsə, bu fotoşəkillər sosial şəbəkələrdə yayımlanacaq. Lakin polis adam oğrularına düşündüklərini həyata keçirməyə mane olub.
Faktla bağlı araşdırma davam edir.