Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 10 iyun — Sputnik. Şəki şəhərində silsilə oğurluq edən şəxslər tutulub.
Yerli hüquq-mühafizə orqanları tərəfindən Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Şəki şəhərinin sakini Qasımov Şamo Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edərək naməlum şəxslərin onun evindən 5 000 manatdan artıq dəyəri olan məişət əşyaları oğurladıqlarını bildirib.
Müraciət əsasında ŞRPŞ-də dərhal əməliyyat-axtarış qrupu yaradılıb və oğruların saxlanılması istiqamətində əməliyyat aparılıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri — Fərhad Fərhad oğlu Məmmədov və Ümidvar Nəriman oğlu Məmmədov tutulub.
İstintaq zamanı məlum olub ki, onlar təkcə Şamo Qasımovun deyil, hazırda Rusiyanın Moskva şəhərində yaşayan Nəzakət Ramazanovanın və Bakı şəhərində yaşayan vətəndaşların Şəkinin ayrı-ayrı ünvanlarında olan evlərindən də məişət əşyalar oğurlayıblar.
İstintaqa o da məlum olub ki, silsilə oğurluqla məşğul olan bu şəxslər oğurladıqları əşyaları sataraq pul əldə ediblər. Elə bu amil də cinayətin izinə düşməkdə hüquq-mühafizə orqanlarına kömək edib.
Faktla bağlı Şəki RPŞ-də cinayət işi başlanılıb, oğurluq edənlərin digər əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.