BAKI, 12 iyun — Sputnik. Bu gün Moskvanın Tver küçəsində icazəsiz mitinqin təşkilatçılarından biri olan Rusiya müxalifətinin əsas liderlərindən biri Aleksey Navalnı evinin girişində saxlanılıb. Bu barədə Navalnının həyat yoldaşı Yuliya Twitter-dəki hesabında məlumat verib.
"Alekseyi evin girişində saxladılar. O, sizə çatdırmağı xahiş etdi ki, Tver planı dəyişməyib" — deyə müxalifətçinin xanımı bildirib.
Twitter-də paylaşılan şəkildə Navalnının evinin yanında iki polis maşını və azı 8 asayiş keşikçisinin dayandığı görünür.
— Alexey Navalny (@navalny) June 12, 2017
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Tver küçəsindəki icazəsiz aksiya ilə bağlı deyib ki, hər hansı təxribat və qanunsuz hərəkət yolverilməzdir.
"Hər hansı təxribatdan və qanunsuz hərəkətlərdən çəkinmək lazımdır" — deyə Peskov Dojd telekanalına bildirib.
Moskva meriyası Korrupsiya ilə mübarizə Fondunun direktoru Roman Rubanovun müraciəti əsasında iyunun 12-də Akademik Saxarov prospektində 15 min nəfərlik aksiya keçirilməsinə icazə verib. Bunun üçün şəhər rəhbərliyi mitinq təşkilatçılarına aksiya üçün iki alternativ marşrut təklif edib: Lyublin küçəsi və ya Saxarov prospekti. Fondun yaradıcısı Aleksey Navalnı isə aksiyanı Saxarov küçəsindən Tver küçəsinə keçirmək çağırışı ilə çıxış edib. Moskva meriyası bu çağırışı təxribat adlandırıb.
Bir qədər əvvəl RF DİN-in Baş İdarəsinin mətbuat xidməti bildirib ki, paytaxt polisi Saxarov prospektindəki meydançada razılaşdırılmış mitinqi Tver küçəsinə keçirməyə cəhd edən mitinq iştirakçılarının istənilən təxribatçı hərəkətlərinin qarşısını alacaq. Çünki Moskvadakı Tver küçəsində Rusiya Günü münasibətilə əhali bayram gəzintisinə çıxır.
12 İyun — Rusiya Günündə Moskvada və Rusiyanın bir çox şəhərlərində müxalifət lideri Aleksey Navalnının tərəfdarları son aylarda korrupsiya əleyhinə artıq ikinci kütləvi etiraz aksiyaları keçirir. Mitinq iştirakçıları bayraqlar və "Korrupsiya, yalan və kasıblıq əleyhinə" şüarları ilə küçələrə çıxıb. Onlar növbəti dəfə hakimiyyətdən Korrupsiya ilə mübarizə Fondunun baş nazir Dmitri Medvedyevlə bağlı araşdırmasına cavab verməyi tələb edirlər.
Bu dəfə ötən dəfəki mütinqdən fərqli olaraq Navalnı aksiyanı şəhər meriyası ilə razılaşdırıb.
Rusiya KİV-lərinin məlumatına görə, Vladivostokda və Blaqoveşenskdə korrupsiya əleyhinə aksiyalarda iştirak edən şəxslərin həbsləri başlanıb.