BAKI, 6 iyun — Sputnik. Rusiya özünün deputatlardan ibarət nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) işində iştirak etməməsi səbəbindən, Avropa Şurasının büdcəsinə üçüncü ödənişi etməyi dayandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı RİA Novosti-yə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
Volodinin sözlərinə görə, söhbət 11 milyon avroya yaxın vəsaitdən gedir. "Orada söhbət mərhələli maliyyələşmədən gedir və ilin sonunda ödənilən üçüncü ödəniş edilməyəcək, vəssalam" — deyə Volodin bildirib.
Mayın 23-də KİV-də diplomatik mənbələrə istinadən belə bir məlumat yer almışdı ki, Rusiya AŞPA-ya ödəniləcək xərclərin hesabına AŞ-yə ödədiyi illik haqları ixtisar etməyi planlaşdırır. Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin üzvü İqor Morozov bu informasiyanı şərh edərkən bildirib ki, AŞPA-ya ayırmalar AŞ-nin digər xərclərinin də olduğu paketə daxildir və onlar bölünə bilməz.
"Rusiya Federasiyası xərcləri ödəməyəcəyi təqdirdə, onun Moskvanın maraqlarına cavab verməyən bu təşkilatdan çıxması məsələsi qaldırılacaq" — deyə senator izah edib.
AŞPA baş katibliyinin mətbuat katibi Deniel Holtgen isə bildirib ki, hələlik təşkilata Rusiya tərəfinin planları barədə heç nə məlum deyil.
Qeyd edək ki, Rusiya Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Türkiyə ilə yanaşı Avropa Şurası büdcəsinə ən çox vəsait ödəyən əsas ödəyicidir. Donbas və Krımda baş verən hadisələrlə əlaqədar olaraq 2014-cü ilin aprelində Rusiya Federasiyasının bu təşkilatdakı nümayəndə heyəti əsas səlahiyyətlərdən məhrum edilib. Rusiya səsvermə hüququ ilə yanaşı Assambleyanın rəhbər orqanlarının və onun monitorinq missiyasının da işində iştirakdan məhrum edilib.