BAKI, 10 iyun — Sputnik. Bu gün Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində Azərbaycanın energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, mərasimdə dövlət və hökumət nümayəndələri, qonaqlar çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüblər.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Natiq Əliyevin Azərbaycanın neft-qaz sektorundakı xidmətlərindən, bu sahəyə verdiyi töhfələrdən danışıb.
"Natiq Əliyev onu tanıyan hər kəsin yaddaşında vətənə xidmət etmiş şərəfli insan kimi qalacaq. Mərhum beynəlxalq energetika siyasəti sahəsində Azərbaycanı layiqincə təmsil edib" — deyə Ələsgərov bildirib.
O, mərhumun "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər neft və qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.
SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə isə deyib ki, ömrünün çox hissəsində Natiq Əliyevlə birlikdə işləyib.
"Natiq Əliyev "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üçün xarici şirkətlərlə müqavilənin imzalanmasına dair danışıqlar aparıb. Onun "Əsrin müqaviləsi"nin imzalanmasında xidməti var. Natiq Əliyev Azərbaycan Dövlət Neft Şirkətində işləyən vaxtlarda 33 beynəlxalq müqaviləyə imza atıb. Nazir olduğu vaxt Cənub Qaz Dəhlizi layihəsi ilə bağlı böyük işlər görüb. Biz böyük bir insanı itirmişik. Natiq Əliyevin əziz xatirəsi daim onu tanıyanların yaddaşında qalacaq" — deyə Yusifzadə bildirib.
"Azərenerji" ASC prezidenti Etibar Piverdiyev, "Azərişıq" ASC-nin sədri Balababa Rzayev Natiq Əliyevin Azərbaycanın neft strategiyasının həyata keçirilməsində mühüm rolunu vurğulayıb.
Mərhumun oğlu Fərhad Əliyev atasının müalicəsi və həyata qaytarılması üçün göstərilən səylərə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. "O, gözəl ata, ailə basçısı idi" — deyən Fərhad Əliyev atasının xatirəsini əziz tutaraq vida mərasiminə qatılanlara minnətdarlığını bildirib.
Bununla da vida mərasimi başa çatıb. İyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edən Natiq Əliyev II Fəxri Xiyabanda torpağa veriləcək.