Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 8 iyun — Sputnik. Astara rayonu ərazisində, Pensər çayında su səviyyəsinin artması nəticəsində, eyni adlı kənddə ciddi fəsadlar meydana çıxıb. Belə ki, çayın daşması ətrafda yaşayan sakinlər üçün problemlər yaradıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, ötən il də Astaranın Şiyəkəran kəndində çay torpaq qatının alt hissəsini yuyub dağıdıb. Buna görə də ərazidə yaşayan 45 ailə təhlükə ilə üzləşib. Çayın suyu torpaq qatını yuduğu üçün, bir neçə ev uçmaq təhlükəsi ilə üzləşib. Nəticədə həmin ev sakinlər kəndin başqa ərazisində ev tikərək oraya köçüblər.
Bu dəfə isə daha bir neçə ev qəzalı vəziyyətə düşüb. Çay daşqını Pensər kəndinin ərazisində olan sitrus bağlarına və otlaq ərazilərə də ciddi ziyan vurub. Ayrıca, çay kənd yolunu yuyub apardığından, sakinlər öz pay torpaqlarında saldıqları sitrus bağlarına və zəmilərə gedib gələ bilmirlər.
Astara Rayon İcra Hakimiyyətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları əraziyə baxış keçiriblər. Yekun rəy aidiyyatı qurumlara təqdim olunub.
Yekun rəydə bildirilir: "Ərazidə beton səddin tikilməsinə ehtiyac var. Vəsait ayrılarsa, problem aradan qaldırılacaq".