Şahpəri Abbasova, Sputnik Azərbaycan
Son iki gündə ölkənin şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti Qax rayonunun Qaratala, Turaclı, Marsan, Şotavar və bəzi kəndlərinə ciddi ziyan vurub. Yerli fermer Həmzət Abbasovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, ildırımla müşahidə olunan leysan yağışları və güclü külək nəticəsində taxıl zəmiləri tamamilə yararsız vəziyyətə düşüb.
Belə ki, taxıl sahəsi leysan yağışlardan əmələ gəlmiş sel sularının altında qalıb. "Mövcud vəziyyət taxıl zəmilərinin yatmış vəziyyətə düşməsinə gətirib çıxarır. Bu da tozlanma və sütül-mum yetişmə dövründə olan taxıl zəmisinin gələcək məhsuldarlığına mənfi təsir göstərir" – fermer bildirib.
Qeyd edək ki, hazırda da leysan xarakterli yağışlar və küləkli hava şəraiti davam edir. Küləyin törətdiyi fəsadlar zamanı xəsarət alan olmayıb.