BAKI, 8 iyun — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il ikinci qrant müsabiqəsinin nəticələrini açıqlayıb.
Sputnik Azərbaycan Şuranın rəsmi saytına istinadla xəbər verir ki, qurumun bugünkü iclasında Şura sədrinin müavini Vüsal Quliyev 2017-ci il ikinci qrant müsabiqəsinin yekunları, Apellyasiya Komissiyasının müraciət tarixinin müəyyən edilməsi, müsabiqədənkənar fonda daxil olan müraciətlərə baxılması üzrə Komissiyanın yaradılması, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün İşçi Qrupunun yaradıldığını elan edib.
Vüsal Quliyev 11 aprel-08 may 2017-ci il tarixlərində ərizə və layihə qəbulu həyata keçirilən ikinci qrant müsabiqəsində 318 QHT-nin iştirak etdiyini deyib. Onlardan 292 təşkilat müsabiqəyə layihə göndərib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2017-ci il ikinci qrant müsabiqəsinə təqdim olunan 292 layihədən 272-sinin qeydə alındığını deyib. 20 layihədə isə texniki səhvlər olduğundan qeydə alınmayıb.
"Texniki səhvlərin düzəlişi ilə bağlı Şuraya 48 müraciət daxil olub ki, onlardan da 45-i müsbət həll olunub. Layihələrin qeydiyyatı zamanı əlavə edilən sənədlərdə (layihə təklifi, icra planı, xərclər smetası) təşkilatın və ya təşkilatın sədrinin adının yazılması, əlavə edilən sənədlərin Şuranın müəyyən etdiyi formalara uyğun olmaması, büdcənin müəyyən olunan məbləğdən çox olması, təqdim edilən layihə təkliflərinin başqa QHT-yə aid olması və s. kimi səhvlər aşkarlanıb". — deyə Fərasət Qurbanov bildirib.
Onun sözlərinə görə, layihələrin qiymətləndirilməsində 8 ekspert iştirak edib.
Şura üzvləri Şahin İsmayılov, İlqar Məmmədov, Sahib Məmmədov, Əliməmməd Nuriyev, Rufiz Qonaqov, Anar Xəlilov və Emin Həsənli çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər. Ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alan Şura üzvləri 167 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul ediblər.
Müsabiqənin nəticələrindən narazı qalan QHT-lər 20 iyun 2017-ci il, saat 17:00-dək Apelyasiya Komissiyasına yazılı və elektron qaydada (e-apellyasiya@cssn.gov.az) müraciət edə bilərlər. Şura üzvləri həmçinin müsabiqədənkənar fonda daxil olan müraciətlərə baxılması üzrə Komissiyanın yaradılması barədə də qərar veriblər.
İclasda 2018-ci ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Şuranın fəaliyyətinin 10 illiyi ilə bağlı tədbirlərin təşkili üçün Şura üzvləri və Katiblik əməkdaşlarından ibarət İşçi Qrupun yaradılması haqqında qərar qəbul olunub. Müsabiqənin nəticələri ilə Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az saytları vasitəsi ilə tanış ola bilərsiniz.