BAKI, 7 iyun — Sputnik. Bu gün Tehranda baş verən atışmada 7 nəfər həlak olub. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Tasnim" agentliyinin İran parlamentindəki müxbiri xəbər verib.
O, Məclisdə 7 nəfərin həlak olduğunu, 4 nəfərin isə terrorçular tərəfindən girov götürüldüyünü bildirib. "Tasnim" müxbirinin hələ rəsmən təsdiqlənməmiş xəbərinə görə, İran İnqilab Keşikçiləri Korpusunun xüsusi təyinatlıları Məclisə hücum edən dörd terrorçudan birini öldürüb.
Qeyd edək ki, bu gün səhər saatlarında Tehranda İran parlamentinin binasına və Xomeyni türbəsinə hücum olub. Türbəyə daxil olan kamikadze geyindiyi partlayıcı qurğu ilə təchiz edilmiş jileti partladıb. Nəticədə özü ölüb, türbədəki şəxslərsə yaralanıb.
İran parlamentinə və Xomeyni türbəsinə baş verən hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.