BAKI, 7 iyun — Sputnik. Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, FIA-nın Formula 1 üzrə yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq bu gün Bakıya səfər edərək 23-25 iyun tarixlərində baş tutacaq növbəti Formula 1 yarışı öncəsində Bakı Şəhər Halqasının (BŞH) yarışa hazırlığını yerində yoxlayıb.
Çarli Vaytinqin Bakıya səfərindən əvvəl 2017 Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar lazımi hazırlıqların böyük hissəsini tamamlayan əməliyyat şirkəti son hazırlıq işlərini intensiv şəkildə həyata keçirir.
Bu il keçiriləcək Azərbaycan Qran Prisindən iki həftə əvvəl ölkəyə səfər edən Çarli Vaytinq Bakı Şəhər Halqasını gəzərək trekin və onun ətrafında yerləşən qurğuların yarışın standartlarına uyğun olub-olmadığını yoxlayıb. Trekə keçirdiyi baxışdan sonra mətbuatın qarşısına çıxan Çarli Vaytinq Formula 1 təqvimindəki ən yeni trekin yarışa hazırlığının yüksək səviyyədə olduğunu bildirib: "Bakı Şəhər Halqası yarışa ötən ildəkindən daha yaxşı səviyyədə hazırlanıb. Yarışla əlaqədar hər şey çox gözəl təşkil olunub və deyə bilərəm ki, trek artıq yarışa tam hazırdır. Keçən il Bakıda baş tutmuş birinci Formula 1 yarışı bütün avtoidman aləmi üçün xoş bir sürpriz olmuşdu. Hamı kimi mən də növbəti yarışı səbirsizliklə gözləyirəm və inanıram ki, bu il də möhtəşəm yarışa şahid olacağıq."