BAKI, 6 iyun — Sputnik. Ötən həftə Oğuz rayon sakini, 67 yaşlı Şamil Əmrahov arı sancmasından dünyasını dəyişib. Mərkəzi Bazarda qeydə alınan hadisə zamanı Şamil Əmrahov arıları toplandıqları yerdən qovmağa çalışıb. Bu zaman arıların hücumuna məruz qalan rayon sakini, bir müddət sonra yol kənarında yıxılmış vəziyyətdə tapılıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Xəstəxanaya çatdırılan Şamil Əmrahovun həyatını xilas etmək mümkün olmayıb.
Oğuz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Şamil Əmrahov xəstəxanaya gətirilərkən, artıq onda heç bir həyat əlaməti və reaksiya olmayıb. Həkimlər təcili müdaxilə etsələr də, onu bu vəziyyətdən çıxarmaq mümkün olmayıb.
Arıçılıq təsərrüfatı üzrə mütəxəssis Elvin Bayramlının Sputnik Azərbaycan-a açıqlamasına görə, arılar başqa canlıları ancaq özünümüdafiə üçün sancır: "Əgər sancmasaydılar, çox müdafiəsiz vəziyyətdə qalardılar. İşçi arı sancdıqdan sonra ölür. Bununla belə, əgər təhlükə yaranarsa, yaxud arılar təhlükə olduğuna qərar verərsə, asanlıqla sancıb həyatlarından keçirlər".
"Bal arısı ailəsində ana arı, erkək arı, işçi arı olur. Bunlardan yalnız işçi arı sancır. Ailənin müdafiəsi də işçi arıların üzərindədir" — mütəxəssis bildirir.
Bayramlı deyir ki, cinsinə görə bəzi arılar daha mülayim, az sancan olur: "Elə cinslər də var ki, daha aqressiv olur. Ümumiyyətlə, arı yaxşı nektar toplaya bildikdə, daha az sancır. Toplaya bilmədikdə, hava yağışlı, soyuq olanda sancmalar artır".
Onun sözlərinə görə, arı sancmasından apiterapiyada (arı zəhəri və onun məhsullarından istifadə etməklə müalicə — red.) geniş istifadə olunur: "Arı zəhəri bir çox xəstəliklərin sağalmasında güclü təsirə malikdir. Zəhər toplandıqda isə çox bahalı məhsuldur. Təbabətdə istifadə edilir".
"Bununla belə, bəzi insanlarda arı zəhərinə, arıçılıq məhsullarına qarşı həssaslıq olur. Bu, elə də böyük faiz deyil. Ancaq insanların diqqətli olması vacibdir. Əks halda həyatları üçün ciddi təhlükə yarana bilər" — ekspert əlavə edir.
Həkim-terapevt Məlahət Abbasova isə Sputnik Azərbaycan-a deyir ki, bəzi həşəratların, o cümlədən arının sancması şok yarada bilər: "Belə hallar daha çox allergik insanlarda müşahidə edilir. Allergik insanlar həşəratların sancmasına qarşı da həssas olurlar. Eyni zamanda, adamı bir deyil, onlarla arı sancarsa da ölümə səbəb ola bilər".
"İnsan yaşlıdırsa, uşaqdırsa, müqaviməti zəifdirsə, bədən onlarla arının zəhərinə dözə bilmir. Və bu da ölümlə nəticələnir. Əgər sizi arı sancandan sonra özünüzü narahat hiss edirsinizsə, həkimə müraciət edin" — Abbasova vurğulayır.
Qeyd edək ki, soyuq, yağışlı, küləkli havalarda yuvalarından çıxmamağa üstünlük verən arılar, havalar isindikcə, şirə toplamağa başlayır. Yəni, arı sezonu başlayıb, diqqətli olun!