BAKI, 30 may — Sputnik. Anaflaktik şok həyat üçün təhlükə yaradan kəskin bir vəziyyətdir. Vaxtında müdaxilə edilmədiyi təqdirdə, anaflaktik şok ölümlə də nəticələnə bilər. Anaflaktik şoka müəyyən qidalar, dərman preparatları, həşərat sancması və s. səbəb ola bilər.
Həkim terapevt Mətanət Cəfərovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, anaflaktik şok zamanı bədənə allergen düşür və bədəndə surətli inkişaf edən qan dövranı pozğunluqları yaranır: "Orqanizmdə dərin hipoksiya, yəni oksigensizlik müşahidə edilir. Bu zaman ürək və beyin zərər görür. Anaflaktik şok adətən allergik xəstəliklərdən zərər çəkən insanlarda müşahidə edilir. Belə bir şok bütün yaşlarda olan insanlarda görülə bilər".
"Qida ilə bağlı anaflaktiyalar daha çox uşaqlarda, dərmanla bağlı anaflaktik şok isə daha çox böyüklərdə müşahidə edilir. Hər hansı bir dərman preparatı anaflaktik şoka səbəb ola bilər. Antibiotiklər, vitaminlər, albumin preparatları, anestetiklər, ağrıkəsicilər, iltihab əleyhinə olan preparatlar (məs: parasetamol) anaflaktik şok verə bilir" — həkim bildirir.
Heteroloji, yəni heyvan qanından alınmış zərdab və vaksinlər də şok verir. Həşəratların, xüsusilə zərqanadlı həşəratların zəhəri də şoka səbəb ola bilər. Qidalardan toyuq yumurtası, süd, soya, yer fındığı və dəniz məhsulları da şok verə bilər.
Tibdə istifadə edilən lateks allergenlər, cərrahi əlcəklər, endotraxial borular (anesteziya zamanı xəstənin nəfəs borusuna daxil edilən endotraxial borular) lateksə qarşı allergiyası olan şəxslərdə anaflaktik şoka səbəb ola bilər. Hətta soyuqdan belə insan anaflaktik şoka düşə bilər.
Bəzən anaflaktik şokun səbəbini tapmaq olmur. Bu zaman belə şoklara ideopatik anaflaktik şok deyilir. Tez-tez allergik xəstəliklər müşahidə edilən insanlar, uzunmüddətli müalicə alan şəxslər, təkrar-təkrar müalicə kursları keçən şəxslər, penisillinə qarşı həssas olan insanlar, dərman preparatlarını venadaxili üsulla qəbul edən insanlar risk qrupuna daxildir.
Cəfərovanın dediyinə görə, anaflaktik şok hər insanda eyni şəkildə inkişaf etmir: "Anaflaktik şok gedişlərinə görə 5 qrupa ayrılır. Kəskin bədxassəli gediş, kəskin xoşxassəli gediş, ləng gediş, ressidivləşən gediş, abortiv gediş. Kəskin bədxassəli gediş ildırımvari gediş də adlanır. Bu zaman arterial təzyiq sıfıra düşür, huş pozulur, tənəffüs çatışmazlığı yaranır. Şok əleyhinə intensiv terapiya başlanılır".
"Bəzən intensiv terapiya başlanmasına baxmayaraq koma vəziyyəti inkişaf edir və həyati orqanlar zədələnir və ilk dəqiqələrdə və ya ilk saatda ölüm baş verir. Bu zaman zəiflik, döş qəfəsində sıxıntı, hava çatışmazlığı, öskürək, tənginəfəslik, ürək nahiyəsində ağrı, qorxu hissi, ağızdan köpük gəlmə, tərləmə, soyuq tər, qulaqlarda küy, dəri solğunluğu, nəbzin sapvari olması müşahidə edilir" — mütəxəssis deyir.
Xoşxassəli anaflaktik şok zamanı isə təzyiq mülayim və sakit şəkildə aşağı düşür. Huş alaqaranlıq olur, xəstə komaya düşmür. Adətən şok əleyhinə tədbirlər müsbət nəticə verir və proqnoz yaxşı olur. Digər qrup şoklar isə daha zəif şəkildə özünü göstərir. Anaflaktik şok ağırlıq dərəcəsinə görə də fərqlənir.
Həkim bildirir ki, allergenin bədənə düşməsini təsdiqləmək yetərlidir ki, xəstəyə anaflaktik şok diaqnozu qoyulsun. Anaflaktik şok altında olan xəstə daim nəzarət altında olmalıdır. O, qeyd edir ki, anaflaktik şok zamanı tənəffüs pozulması baş veribsə, xəstəni oturaq vəziyyətə gətirmək lazımdır.
"Hamilə qadınlarda isə xəstə sol tərəfi üstə uzadılmalıdır. Xəstə anaflaktik şoka səbəb olan dərman preparatını ağızdan qəbul edibsə, xəstənin mədəsinin yuyulması məsləhət görülmür. Şok zamanı ilk növbədə adrenalin yeridilməldir" — terapevt vurğulayır.
Həyatında bir dəfə anaflaktik şok yaşamış insanların mütləq bir dərman qutusu olmalıdır. Həmin qutuda 0,1 faizli adrenalin, dekzametozon, antihistamin preparatlar və şpris olmalıdır. Bir dəfə anaflaktik şok keçirən insanlar arı pətəkləri, zər qanadlı həşəratların olduğu yerlər, bazarlar, zibilxanalardan uzaq olmalı, ot üzərində ayaqyalın gəzməməli, arıların bal yığımı mövsümündə evdə pəncərələri tor ilə örtməli, açıq yerlərdə qidalanmamalı və qida hazırlamamalı, ətirli maddələrdən istifadə etməməli, bağ və ya bostanda işləyən zaman bədənin heç bir yerini açıq saxlamamalı, qalın parçadan şalvar və köynək geyinməli, qalın ayaqqabı geyinməli, başını bağlamalıdır. Arı sancması zamanı neştəri barmaqla çıxarmaq olmaz. Çünki bu zaman zəhər kisəsi sıxılır və qalmış zəhər yaradan qana sovrulur. Arı sancması varsa, neştəri bıçaq, dırnaq mişari və ya dırnağı dəri səthindən sürüşdürərək çıxarmaq lazımdır.
Anaflaktik şok çox ciddi bir vəziyyətdir. Bu zamanı ölüm kəskin ürək çatışmazlığı, tənəffüs çatışmazlığı, həyati vacib orqanlara qansızmaları və trambozlar zamanı baş verir. Mətanət Cəfərova anaflaktik şok zamanı bəzi həkimlərin yol verdiyi xətalardan da söz açıb. Onun sözlərinə görə, anaflaktik şok zamanı bir çox yanlışlara yol verilir: "Bəzən boğulan xəstələrə suprastin vururlar ki, bu da yanlış haldır. Çünki bu sadəcə vaxt itkisidir. Yaxud hormonal preparatlar, kalsium qlükonat, kalsium xlor, gemodez və s. xəstəyə heç bir təsiri olmayan digər bu kimi dərmanlar vurulur. Bəzən anaflaktik şok zamanı bədəndə ödəm yaranır. Çox zaman həkimlər bu ödəmin aradan qaldırılması üçün xəstəyə sidikqovucu təyin edirlər. Bu sidikqovucular xəstəni ölümə bir qədər də yaxınlaşdırır".