BAKI, 1 iyun — Sputnik. Xəbər verdiyimiz kimi, Bakı şəhər sakini, 38 yaşlı Ramin Əhmədov, Xaçmaz Rayon Polis Şöbəsində damarlarını kəsib. Saxlanılan şəxs dərhal Xaçmaz Rayon Xəstəxanasına gətirilib və onun damarlarına tikişlər qoyulub. Xəstənin vəziyyəti normallaşandan sonra yenidən RPŞ-yə qaytarılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Sputnik Azərbaycan-a açıqlamasında baş verən hadisəyə aydınlıq gətirib. O bildirib ki, Bakı şəhər sakini olan, əvvəllər də məhkum olunmuş Ramin Əhmədov oğurluq etdiyi üçün şübhəli şəxs qismində Xaçmaz Rayon Polis Şöbəsinə gətirilib və müvəqqəti saxlama yerində saxlanılıb.
"Saxlanılan şəxs müvəqqəti saxlanma yerində köynəyinin düyməsini sındırıb və bilək nayihəsində özünə xəsarət yetirmək istəyərkən, polis əməkdaşları tərəfindən bu cəhdinin qarşısı alınıb. Ona ilkin tibbi yardım edilib və hazırda saxlanılan şəxsin səhhəti normalıdır" — DİN rəsmisi bildirib.