BAKI, 30 may — Sputnik. Prezident İlham Əliyev "Statoil" şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.
Azərbaycanın uzun illərdir "Statoil" şirkəti ilə uğurla əməkdaşlıq etdiyini vurğulayan dövlətimizin başçısı, şirkətin baş icraçı direktoru Eldar Saetre ilə Davosda keçirdiyi görüşü məmnunluqla xatırlayıb. Bakıda keçiriləcək 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev, "Statoil" şirkətinin ənənəvi olaraq bu sərgidə iştirak etdiyini vurğulayıb.
"Statoil" şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxer Respublika Günü münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin önəmini qeyd edən Lars Kristian Baxer, şirkətin nümayəndə heyətinin bu tədbiri səbirsizliklə gözlədiyini deyib.
"Statoil" şirkətinin SOCAR ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini vurğulayan Lars Kristian Baxer şirkətin "Azəri-Çıraq-Günəşli" layihəsində iştirakından böyük məmnunluq hissi keçirdiklərini vurğulayıb. Görüşdə Azərbaycan ilə "Statoil" şirkəti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.