SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev: "Biz indi bir çox ölkələr üçün nümunəyik"

© Official website of President of Azerbaijan RepublicAzərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edərkən
Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda çıxış edərkən - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı: "Azərbaycanı bizə sərf etməyən, şübhə doğuran hərəkətlərə, avantüralara cəlb etməyə çalışırlar"

BAKI, 26 may — Sputnik. "Bu gün qarşıda duran vəzifələr haqqında danışmaq istərdim. Biz gələcək illərdə də müsbət dinamikanı saxlamalıyıq və əminəm ki, saxlayacağıq".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbulda deyib.

Daxili siyasətə gəldikdə, dövlət başçısı qeyd edib ki, ilk növbədə, Azərbaycanda bundan sonra da təhlükəsizlik təmin edilməlidir: "Deyə bilərəm ki, Azərbaycanda daxili risk mənbələri mövcud deyil. Mümkün olan risklər xaricdə formalaşır. Belə olan halda biz ölkəmizi bundan sonra da xarici risklərdən qorumalıyıq, həm fiziki nöqteyi-nəzərdən, eyni zamanda, düzgün siyasət aparmaqla. Biz sərhəd mühafizəsini kifayət qədər gücləndirmişik və bu istiqamətdə əlavə addımlar atılacaqdır. Eyni zamanda, Azərbaycan bizə sərf etməyən, şübhə doğuran heç bir beynəlxalq hərəkətlərə, avantüralara qoşulmur. Baxmayaraq ki, müxtəlif tərəflər bizi müntəzəm olaraq bu hərəkətlərə cəlb etməyə çalışırdılar. Bu gün də belə səylər var. Ancaq Azərbaycan bizə sərf etməyən heç bir hərəkətə, təşəbbüsə qoşulmur və qoşulmayacaq.

Biz ilk növbədə öz maraqlarımız, öz təhlükəsizliyimiz, inkişafımız, rifahımız haqqında düşünürük. Əgər hansısa beynəlxalq təklif və təşəbbüs bizim maraqlarımızla üst-üstə düşürsə, əlbəttə ki, biz buna müsbət yanaşa bilərik. Ancaq ilk növbədə, milli maraqlar, Azərbaycanın maraqları, xalqımızın rahatlığı, firavanlığı və ölkəmizin təhlükəsizliyi məsələləri ön plandadır, xüsusilə indiki şəraitdə. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bəzən buna görə də müxtəlif yerlərdən Azərbaycana təzyiqlər göstərilir və bizə qarşı kampaniyalar aparılır. Ancaq indiki şərait, bugünkü beynəlxalq vəziyyət bir daha göstərir ki, bu, yeganə düzgün siyasətdir. Çünki bu gün bölgədə, dünyada risklər, təhlükələr artır, təhlükə mənbələri genişlənir, əfsuslar olsun ki, bizim coğrafiyamızda sabitlik təmin edilmir, əksinə, ildən-ilə vəziyyət daha da gərginləşir. Ona görə təhlükəsizlik məsələləri ön planda olmalıdır. 

Prezident İlham Əliyev - Sputnik Azərbaycan
İlham Əliyev hökumətə üç ay vaxt verdi

Bununla bərabər, Azərbaycanda bütün azadlıqlar bundan sonra da təmin ediləcək və bu iki yanaşma arasında heç bir ziddiyyət olmamalıdır. Azərbaycan azad dövlətdir, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz var və bu proses davam etdirilməlidir. Bütün fundamental azadlıqlar Azərbaycanda bundan sonra da təmin ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaqdır.

Azərbaycanda bundan sonra da millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə öz həllini tapacaq. Biz indi bir çox ölkələr üçün nümunəyik. Bunu artıq heç kim gizlətmir. Nəinki ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər, eyni zamanda, Azərbaycanda mövcud olan vəziyyət bir çox ölkələr üçün nümunədir. Həmkarlarım və təmasda olduğum xarici qonaqlar bunun sirrini öyrənmək üçün mənə dəfələrlə suallar verirdilər. Bunun sirri çox sadədir. Sadəcə olaraq, düzgün siyasət aparılmalıdır, inkişaf olmalıdır, savadlılıq artmalıdır, milli və dini siyasət düzgün aparılmalıdır. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri özlərini rahat hiss etməlidirlər. Bu gün bu vəziyyət reallıqdır. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi, mehribanlıq, sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu da bizim böyük sərvətimizdir, gücümüzdür və biz bunu qoruyuruq, qorumalıyıq. Şadam ki, bizim siyasət, bu istiqamətdə atılan addımlar xalq tərəfindən tam dəstəklənir. Ona görə, bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi sayılır.

Bununla bərabər, biz öz milli-mənəvi dəyərlərimizə sadiqik. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “Multikulturalizm İli”, bu il “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu, bir daha göstərir ki, öz köklərinə bağlı olan xalq və dövlət həmişə düzgün siyasət aparacaq. Milli dəyərləri möhkəm olan xalq həmişə uğur qazanacaq, inkişaf edəcək. Hesab edirəm ki, Azərbaycan modeli, o cümlədən bu istiqamətdə əldə etdiyimiz uğurlar bir çox ölkələr üçün çox cəlbedicidir. Həm ənənələr, tariximiz, mədəniyyətimiz, dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, biz dünyaya açığıq, müasirik, bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq.

Əlbəttə, bütün bu amilləri nəzərə alaraq, bundan sonra da Azərbaycanda sabitlik davam etdiriləcək. Bu gün artıq reallıqdır ki, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz, sabit olmayan ölkələrə heç kim sərmayə qoymaz, heç kim turist kimi gəlməz, belə ölkələrlə heç kim gözəl münasibətlər qurmağa çalışmaz. Ona görə, sabitlik hər bir ölkənin əsas amilidir, inkişafın əsas amilidir. Ancaq sabitliyi inzibati yollarla əldə etmək mümkün deyil. Bu, müvəqqəti olacaq. İndi bir neçə ölkədə xüsusi təhlükəsizlik tədbirləri görülür, xüsusi rejim tətbiq olunur. Bu, inzibati yollardır. Amma sabitliyin əsl mahiyyəti ondadır ki, xalq dövlət siyasətini dəstəkləsin, xalq vəziyyətlə razı olsun, xalq inkişafla qürur duysun. Biz bax, bu sabitliyi yaratmışıq və Azərbaycanda hökm sürən sabitliyin təməlində bu amillər dayanır — xalq-iqtidar birliyi, bizim siyasətimiz və əldə edilmiş uğurlar. Ən yaxşı təbliğat vasitəsi real həyatdır. Bu gün Azərbaycan çoxşaxəli şəkildə inkişaf edir və bütün istiqamətlərdə böyük uğurlar qazanıb".

Prezident bu yaxınlarda Səudiyyə Ərəbistanında keçirilmiş Ərəb-İslam-Amerika Zirvə görüşünü xüsusi qeyd edib. 

Azərbaycan prezidenti İlham Əliyev Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda - Sputnik Azərbaycan
İlham Əliyev: “Ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm”

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu Zirvədə yüksək səviyyədə iştirak edib: "Hesab edirəm ki, bu Zirvənin çox böyük mənası var. İlk növbədə, müsəlman aləmi həmrəylik nümayiş etdirmişdir və təqdirəlayiq haldır ki, ABŞ prezidenti cənab Tramp öz ilk xarici rəsmi səfərini müsəlman ölkəsinə edib. Biz bunu Azərbaycanda yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu, bütün müsəlman aləminə ABŞ prezidenti tərəfindən göstərilən böyük hörmətin əlamətidir. Yəni, bu səfərin və Zirvə görüşünün təşkilinin özü artıq böyük hadisədir və orada Amerika Prezidenti tərəfindən səslənən fikirlər əlbəttə ki, çox yüksək qiymətləndirilməlidir. Xüsusilə o demişdir ki, Amerika Birləşmiş Ştatları bundan sonra müsəlman ölkələrinin daxili işlərinə qarışmayacaq, onlara öyüd-nəsihət verməyəcək, onlara mühazirə oxumayacaq. Bu, çox ciddi bəyanatdır və deyə bilərəm ki, Zirvə görüşünün demək olar bütün iştirakçıları bu bəyanatları yüksək qiymətləndiriblər, o cümlədən Azərbaycan. Çünki biz hamımız yaxşı bilirik ki, Azərbaycan xarici müdaxilə nəticəsində ən çox atəş altında olan ölkələrdən biridir.

Ümid edirəm ki, bu ciddi siqnal bütün aidiyyəti qurumlara, o cümlədən Avropa təsisatlarına da çatacaq və bizim işimizə qarışma cəhdləri aradan götürüləcək. Onsuz da bu ildən başlayaraq Amerika rəhbərliyində dəyişikliklər oldu və görürük ki, artıq bu müdaxilələrin təzahürləri yavaş-yavaş aradan götürülür. Biz bunu alqışlayırıq və ümid edirik ki, bu, davam etdiriləcək. Çünki yeganə düzgün siyasət də məhz budur. Mən əvvəllər də demişəm, bu gün də demək istəyirəm ki, əgər ölkələr bir-birinin işinə qarışmasalar onda nə müharibə, nə münaqişə olacaq, ancaq sülh olacaq, əməkdaşlıq olacaq".

Xəbər lenti
0