BAKI, 26 may — Sputnik. Azərbaycanda ünvanlı sosial yardım alan xeyli sayda vətəndaş var. Onlar, bu yardım hesabına ailələrini dolandırırlar.
Bir neçə dəfə, aztəminatlı əhaliyə verilən ünvanlı sosial yardımların gecikdirilməsi ilə bağlı redaksiyamıza şikayət məktubları daxil olmuşdu. Bu günlərdə yenidən Sputnik Azərbaycan-ın redaksiyasına bir qrup Ağdaş rayon sakini müraciət edib. Şikayətçilər (Cəsarət Şərifov, Şahmar Şərifov, Dəyanət Şərifov, İbrahim Mustafayev), artıq iki aydır ki, ünvanlı sosial yardımlarını almadıqlarını bildirirdilər.
"Biz aprel və may aylarının ünvanlı yardımını ala bilməmişik. Adiyyatı orqana dəfələrlə müraciət etsək də, bizə konkret cavab vermirlər. Xahiş edirik bizə kömək edəsiniz" — Ağdaş sakinləri qeyd edirdilər.
Sputnik Azərbaycan-ın əməkdaşı məsələni aydınlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Elman Babayevlə əlaqə saxlayıb. Nazirlik rəsmisi məsələni qısa müddətdə araşdıracaqlarını bildirərək, şikayətçi vətəndaşların məlumatlarını götürdü.
İki gün keçdikdən sonra sözügedən şikayətçilərdən redaksiyamıza növbəti məktub daxil oldu: "Problemimiz həllini tapdı, ünvanlı sosial yardımımızı verdilər. Təşəkkür edirik".
Beləliklə, ölkədə 4 aztəminatlı ailənin haqqı bərpa olundu. Arzu edək ki, heç bir rəsmi qurum vətəndaşların problemlərinə biganə qalmasın…