BAKI, 26 may — Sputnik. “Biz sosial sahəyə bundan sonra da xüsusi diqqət ayıracağıq. Bu sahə bizim üçün prioritetdir. Mən dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz bütün işləri ona görə görürük ki, xalqımız daha da yaxşı yaşasın”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bir çox sosial təşəbbüslər irəli sürülüb, sosial infrastruktur layihələri geniş vüsət alıb: “Eyni zamanda, Azərbaycan elə təşəbbüslər irəli sürür ki, bu, dünya üçün bir yenilikdir. Mən bunların arasında kütləvi müayinədənkeçmə proqramını xüsusi qeyd etmək istərdim. Bir neçə ildir ki, bu proqram icra edilir. Bu proqramı icra etmək üçün, ilk növbədə, səhiyyə sahəsində islahatlar aparılmalı və müasir infrastruktur yaradılmalı idi. Artıq 600-dən çox xəstəxananın tikintisi, təmiri bizə belə imkanları yaradır. Kütləvi müayinədənkeçmə proqramını əhatə edən bütün qurumlar bu nəticəni əldə ediblər — bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz müayinədən keçib. Bax, bizim siyasətimiz bundan ibarətdir. Bizim siyasətimiz 3 mindən artıq məktəbin tikilməsində, maaşların, pensiyaların artırılmasında özünü göstərir. Azərbaycan büdcəsində sosial xərclər əlbəttə ki, prioritet olaraq qalacaq və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılmalıdır. Məcburi köçkünlərlə bağlı bizim siyasətimiz göz qabağındadır. Son illər ərzində 100-ə yaxın qəsəbə salınıb. Hazırda yeni qəsəbələr salınır. Eyni zamanda, biz Bakı, Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlər üçün də yeni binaların tikintisinə başlayırıq. Bu da çox geniş bir proqram olacaqdır. Bir neçə min ailə, məcburi köçkün yaxın gələcəkdə yeni, gözəl evlərə, mənzillərə köçürüləcək”.
Prezidentin sözlərinə görə, Azərbaycanda maliyyə və iqtisadi vəziyyət sabitdir, dayanıqlıdır: "Bütün büdcə proqnozları yerinə yetirilir. Mən nə bu il, nə gələn il ölkə iqtisadiyyatı üçün heç bir problem görmürəm. Xüsusilə nəzərə alsaq ki, bizim valyuta ehtiyatlarımız da artır, bu il də artıb. Valyuta ehtiyatlarımız xarici borcdan 4-5 dəfə çoxdur. Ona görə, istənilən ölkə, bax, bu vəziyyəti özü üçün arzulaya bilər".
“Əlbəttə, bütün planlarımızı həyata keçirmək üçün biz güclü iqtisadiyyata malik olmalıyıq. Bu istiqamətdə də çox böyük addımlar atılır. Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir. Baxmayaraq ki, beynəlxalq maliyyə böhranı bizə də təsir etdi. Baxmayaraq ki, neftin qiymətinin aşağı düşməsi təbii ki, gəlirlərimizə mənfi təsir etdi. Artıq Azərbaycan iqtisadiyyatı mövcud vəziyyətə adaptasiya olundu, milli valyutamız sabitləşdi, qeyri-neft ixracımız artır. Dörd ayın iqtisadi göstəriciləri çox müsbətdir. Bizim valyuta ehtiyatlarımız, ticarət dövriyyəsi artıb. Ticarət dövriyyəsində müsbət saldo 1,2 milyard dollara çatıbdır. Ticarət dövriyyəsi 11 faiz, ixrac 41 faiz, qeyri-neft ixracı 22 faiz, kənd təsərrüfatı ixracı 44 faiz artıb” — deyə o vurğulayıb.