BAKI, 26 may — Sputnik. Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli, 405 saylı qərarı ilə Bakı və Gəncə şəhərlərində ilk peşə ixtisas təhsili müəssisələri şəbəkəsinin rasionalaşdırılması ilə bağlı 32 peşə liseyi və məktəbin bazasında 13 dövlət Peşə Təhsili Mərkəzi yarandı. Bunlardan 11-i Bakı şəhərində, 2-si isə Gəncə şəhərində yaradıldı.
Sputnik Azərbaycan-ın əməkdaşı Gəncə şəhərində yaradılan Peşə Təhsili Mərkəzləri ziyarət edərək, şagirdlər və müəllim kollektivi ilə tanış olub.
Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi
Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Fazil İsmayılovun sözlərinə görə, Gəncə şəhərində uşaqların peşə təhsilinə marağı çox böyükdür. Mərkəzdə uşaqlara müxtəlif peşələr öyrədilir: "Biz uşaqları həvəsləndirmək üçün yarışmalar da keçirik. Uşaqlar o qədər həvəslə iştirak edirlər ki, bəzən yerləri bölməkdə çətinlik çəkirik. Məsələn, dərzilik qrupunun uşaqları çox bacarıqlıdır. Onlar çox zaman təcrübələrini öz yaxınlarnın dərzi sexlərində keçirlər".
F. İsmayılov bildirir ki, mərkəzin böyük emalatxanaları var. "Geyim üzrə dizayner", "Bərbər-vizajist" emalatxanaları tam təmin edilmiş emalatxanalardır.
Mərkəzi şagirdləri istehsalat təcrübəsi zamanı çox zaman işlə də təmin edilirlər: "Bizdə "Qalaksi" MMC var. Onlarla müqavilələrimiz olduğu üçün uşaqlarımız istehsalat təcrübələrinə gedirlər. Şagirdlərimiz orada saat 4-ə qədər çalışır, ayda 50 manat əmək haqqı da alırlar".
Mərkəzin "geyim üzər dizayner" ixtisas fənn müəllimi Sevda Hümbətova deyir ki, 34 ildir bu məktəbdə çalışır. Onun sözlərinə görə, uşaqların bu ixtisasa böyük maraqları var. Onlar ixtisası öyrənməklə yanaşı. öz ideyalarını da irəli sürürlər: "Uşaqlarımız bu sahəyə çox maraqlıdır. Müsabiqələr keçiririk, uşaqlarımız müsabiqələrdə çox fəal iştirak edirlər. Zaman keçdikcə texnologiyalar dəyişir, biz də çalışırıq uşaqlarımıza dərsi bu texnologiyaları uyğun keçək".
Məktəbin "Bərbər-vizajist" ixtisas fənni müəllimi Məlahət Quliyevanın sözlərinə görə, qərb bölgəsində bərbər ixtisası ilk dəfə bu məktəbdə açılıb. Hazırda Gəncədə və ətraf rayonlarda məktəbin məzunları çalışır: "Qaynaq əməliyyatı ilk dəfə bizim məktəbdə öyrədilib. Şagirdlərimiz müxtəlif salonlarda çalışırlar".
Qeyd edək ki, məktəbin emalatxanaları müasir texnologiyalarla təmin edilib. Məktəbin şagirdləri daha çox bərbərlik, vizajist, dərzilik ixtisasların maraq göstərirlər. Onlar məktəbdə oxumaqla yanaşı, istehsalat təcrübəsinə getdikləri müəssisələrdə işlə də təmin olunurlar.
Mərkəzin direktoru F. İsmayılovun sözlərinə görə, hazırda mərkəzdə 536 şagird təhsil alır. Burada geyim üzrə dizayner, bərbər-viziajist, turizm agenti, ərzaq mallarının satışı üzrə menecer və s. ixtisaslar tədris edilir.
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin direktor Şahin Məhərrəmovun sözlərinə mərkəz əsasən oğlan uşaqlarına təhsil verir: "Məktəbimizdə qızlar da oxuyur, amma ixtisaslarımızın çoxu oğlanlar üçün nəzərdə tutulub. Şagirdlərimizin istehsalat təcrübəsi keçməsi üçün Gəncə cihazqayırma zavodu, "Azəravtonəqliyyat" Açıq Səhmdar Cəmiyyəti, Gəncə Telekommunikasiya İdarəsi və kiçik özəl müəssisələrlə müqavilələrimiz var. Şagirdlərimiz həmin müəssisələrdə təcrübə keçir və işlə təmin olunurlar. Əsasən Gəncə cihazqayırma zavodunun dəstəyini alırıq".
Ş. Məhərrəmov bildirir ki, hazırda müəssisələrdə iş yeri az olduğu üçün məktəbi bitirən uşaqlar işsizlik problemi ilə qarşılaşırlar: "Bəzi şagirdlər bura təsadüfən düşür, onların dərslərə marağı olmur. Bəzən valideynlər uşaqları məktəbdən çıxarıb işlədirlər. Bəzən ailələrdə maddi problemlər olduğu üçün uşaqlar dərsə gələ bilmirlər. Ən əsas problem odur ki, orta məktəbdə zəif oxuyan uşaqlar bizim məktəbə gəlir. Yaxşı oxuyan uşaqlar bizə gəlib çıxmır. Zəif oxuyan uşaqlar isə dərsləri mənimsəməkdə çətinlik çəkir. Elə uşaq var ki, yazı yazmaqda çətinlik çəkir. Uşaq riyaziyyatı, vurmanı bilmirsə, o sonrakı mərhələlərdə də çətinlik çəkəcək. Uşaqlar orta məktəbdən gələndə bilik səviyyəsi aşağı vəziyyətdə gəlir. Onlarla işləmək çətin olur".
Ş. Məhərrəmov bildirir ki, hazırda mərkəzin nazirlik səviyyəsində yardıma ehtiyacı var: "Biz işədüzəlməni öz şəxsi münasibətlərimiz əsasında həyata keçiririk. Amma bu məsələləri də həmişə həll edə bilmirik. Məsələn, "DET-AL" Alüminium MMC-yə getmişdik. Bizi heç içəri buraxmadılar. Yəni demək istədiyim odur ki, yaxşı olardı, zavodlarla, müəssisələrlə münasibətlər nazirlik səviyyəsində tənzimlənəydi. Heç olmasa onlar bizi qəbul edib dinləsinlər. Bizə bu istiqamətdə dəstək lazımdır".
İKT üzrə İstehsalat təlim ustası Mətanət Babayevanın sözlərinə görə, uşaqlar bu sahəyə çox maraqlıdır: "Uşaqları internet vasitəsilə biliklər əldə etməyə çalışırlar. İndi internet dövrüdür. Hamı onu dərindən öyrənməyə çalışır. Uşaqlarımız istehsalat təcrübələrini ATS-lərdə keçirlər".
Elektrik maşınlarının təmiri üzrə çilingər usta Təvəkkül Ağayevin sözlərinə görə, onun tədris etdiyi sahəyə də maraq az deyil: "Burada uşaqlar boruların kəsilməsi, tornaçı işləri və s. ilə öyrənirlər".
Daha sonra məktəbin emalatxanaları və uşaqların əl işləri ilə tanış olduq. Şagirdlər öz əl işlərinin tanıdılmasında xüsusi maraqlı idi.
Mərkəzin direktoru bildirdi ki, hazırda mərkəzdə 799 nəfər şagird oxuyur. Onlar çilingər, dərzi, təmirçi, dəmiryol maşınisti, İKT və s. ixtisaslar üzrə təhsil alır.