BAKI, 25 may — Sputnik. Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən "Şərq bazarı"ın qarşısında olan 66 sahibkara məxsus dükan artıq neçə gündür ki, sökülür. Sahibkarlar bütün məhkəmə instansiyalarında haqlı çıxsalar da, əksəriyyətinin əlində Əmlak Məsələləri Dövlət Komitəsindən və digər dövlət orqanlarından verilən qanuni sənədlər olsa da, Sumqayıt şəhər İcra Hakimiyyəti mağazaları sökməyə başlayıb.
Xatırladaq ki, sahibkarlarla bazar rəhbərliyi arasında qalmaqal 7 ilə yaxındır ki, davam edir.
Sahibkar Söhrab Əlixanovun verdiyi məlumata görə, bir neçə gün öncə sahibkarlar Sumqayıt İcra Hakimiyyətinə dəvət edilib və onlara müəyyən vədlər verilib: "Bizi İcra Hakimiyyətinə çağırdılar. Hamımız getmişdik, amma 6 nəfəri qəbul etdilər. Dedilər ki, sizə zəmanət məktubu verəcəyik ki, yeni ticarət mərkəzi tikiləndən sonra sizə orda yer verilsin. Razılaşmaqdan başqa çarəmiz qalmadı. Onsuz da söküntü davam edirdi".
Sahibkarın sözlərinə görə, artıq bütün mağazalar sökülüb. Acınacaqlı olan budur ki, mağazaların söküləcəyi haqda sahibkarlara öncədən məlumat verilməyib. Buna görə də bir çox sahibkarın malları elə mağazalarda qalıb. Bu da sahibkarların külli miqdarda zərərə düşməsi deməkdir.
Qeyd edək ki, Sumqayıt İcra Hakimiyyəti sahibkarlara ərazidə 4 mərtəbəli ticarət mərkəzinin tikiləcəyini və hər birinə yeni obyekt verəcəyini bildirib.