BAKI, 22 may — Sputnik. Bu gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının son günüdür. Sputnik Azərbaycan xəbər verir ki, paytaxtda keçirilən mötəbər yarışın, demək olar, bir çox idman növündə final görüşləri yekunlaşıb.
Bu yarışlarda sevindirici hallardan biri odur ki, Azərbaycan idmançıları nəinki tək mübarizədə, hətta komanda yarışlarında da qalib gələrək medalçılar sırasına qatıla biliblər. Dünən kişilər arasında keçirilən voleybol yarışlarının final mərhələsində Azərbaycanı təmsil edən komandamız finalda İran komandasına 3-0 məğlub olsa da, ölkəmizə gümüş medalı qazandıra bilib.
Görüşdən sonra Sputnik Azərbaycan-a öz təəssuratlarını bildirən komandanın üzvü Elmin Alişanov bunları deyib: "Komanda olaraq inanırdıq ki, finala çıxa biləcəyik. Bunu bacara bilən komandamız var. Biz çempion olmaq üçün əlimizdən gələni etdik. Qismət ikinci yerdə qərarlaşmaqmış. İran qalib gəlsə də, onlardan heç də zəif komanda deyilik. Qələbəmizi isə xalqımıza, bizi dəstəkləyən hər kəsə həsr edirik".