BAKI, 19 may — Sputnik. Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində sərbəst güləş yarışlarının ikinci gününə start verilib. Sputnik Azərbaycan xəbər verir ki, 4 çəki dərəcəsində idmançılarımız xalça üzərinə çıxıblar.
57 kilo çəki dərəcəsində ölkəmizi təmsil edən Mahir Əmiraslanov yarışa 1/4 final mərhələsindən başlayıb. İdmançımız ilk görüşündə Kamerunlu Roland Tambi Nforsonqu 14:4 hesabı ilə asanlıqla məğlub edib. Daha sonra yarımfinalda Türkiyəni təmsil edən Nəbi Uzunla qarşılaşan Əmiraslanov, yenə qələbə ilə (13:2) döşəyi tərk edib. Beləliklə pəhləvanımız finala adlayıb. Onun həlledici görüşdə rəqibi qazaxıstanlı Jandos İsmayılov olacaq.
65 kilo çəki dərəcəsində Azərbaycanı təmsil edən Maqomed Müslimov yarışa 1/8 finaldan başlayıb. O, Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi ilə üz-üzə gəlib. Pəhləvanımız vaxtından əvvəl qələbə (10:0) qazanaraq, növbəti mərhələyə keçməyi bacarıb. Müslimov 1/4 finalda Qvineya-Bissaudan olan Mabunde Kumba ilə üz-üzə gəlib. İdmançımız yenə 10:0 hesablı qələbə ilə döşəyi tərk edib. Yarımfinalda isə idmançımızın rəqibi əfqanıstanlı Malilk Can Sadid olub. Müslimov rəqibini böyük hesabla (10:0) ilə üstələyib və finala vəsiqə qazanıb. Onun finalda rəqibi iranlı Meisam Nasiri olacaq.
74 kilo çəki dərəcəsində isə idmançımız uğursuz çıxış edib. Belə ki, bu çəkidə mübarizə aparan Cəbrayıl Həsənov da ilk görüşünü 1/8 final mərhələsində iranlı Peyman Yarəhmədi ilə aparıb. Gərgin keçən mübarizədə pəhləvanımız rəqibinə 1:3 hesabı ilə uduzub. Yarəhmədi 1/4 finalda Özbəkistan təmsilçisi Bekzod Abduraxmonova uduzduğundan (5:8), Həsənovun bürünc medal uğrunda güləşmək şansı da qalmayıb. Və o, medalsız yarışlara yekun vurub.
97 kilo çəki dərəcəsində Azərbaycanı təmsil edən Nurməhəmməd Hacıyev 1/4 finaldan mübarizəyə başlayıb. Türkmənistanlı rəqibi Yusup Melejayevlə qarşılaşan pəhləvanımız, böyük hesabla (11:1) ilə qalib olub. O, yarımfinalda suriyalı Abdallh Kərəmla qarşılaşıb və bu dəfə də mübarizədən qalib kimi ayrılıb. (9:0). Beləliklə bu gün finalda Azərbaycanı təmsil edəcək üçüncü pəhləvan olub.