BAKI, 18 may — Sputnik. IV İslam Həmrəyliyi Oyunlarında polis idmançılar da kifayət qədər uğur qazanıblar. Bu sırada güllə atıcısı Ruslan Lunyovun, karateçi Ayxan Mamayevin, cüdoçu Kənan Abdullaxanlının adlarını çəkmək olar. Ötən gün DİN İdman Cəmiyyətinin yetirməsi, taekvandoçu Fəridə Əzizova inamla çıxış edib, mükafatları sırasına daha bir gümüş medal əlavə edib.
Yunan-Roma üsulu ilə güləşən pəhləvanların sırasında mübarizəyə qatılan Avropa çempionu Rafiq Hüseynov da növbəti uğurunu əldə edib. Keçirdiyi görüşləri inamlı qələbələrlə başa vurub, finala qədər irəliləyən pəhləvanımız gümüş medala sahib olub. DİN İdman Cəmiyyətinin yetirməsi Kamran Məmmədov keçirdiyi bütün rəqiblərini məğlub edərək finala vəsiqə qazanıb, bu gün axşam baş tutacaq həlledici görüşə böyük ümidlər bəslənir.
Böyük idmana DİN İdman Cəmiyyətinin güləş bölməsindən başlayan bu iki təmsilçimizi əməkdar məşqçi, polis polkovnik-leytenantı Radik Hüseynov hazırlayıb.