BAKI, 18 may — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 50 yaşından sonra hər 4-cü insan korluq fobiyası ilə yaşayır. Müasir dövrdə göz xəstəlikləri hər ailədə tez-tez rast gəlinən kəskin problemə çevrilib. Ancaq təəssüflər olsun ki, insanlar göz xəstəliklərinin müalicəsinə məsuliyyətsiz yanaşırlar. Belə ki, xəstələrin 40 faizi həkimlərin tövsiyəsinə əməl etmir.
Sputnik Azərbaycan-ın əməkdaşı, oftalmoloq-cərrah, tibb elmləri doktoru Tahir Cəfərli ilə bu və digər mövzularda həmsöhbət olub. Müsahibəsini təqdim edirik:
- Doktor, Siz həm Rusiyada, həm də Azərbaycanda çalışmısınız. İki ölkə arasında tibbin bu sahəsində hansı fərqlər var?
— Rusiya da, Azərbaycan da keçmiş sovetlər dövründə bir ölkə olub, göz elminin inkişafı da o dövrdən gəlir. Ona görə də, bizim məktəbimizdə elə də böyük fərq yoxdur. Mən 30 il Moskvada yaşayıb, onun 20 ilini göz həkimi kimi işləmişəm. Deyə bilmərəm ki, Moskvada olan avadanlıq, ləvazimat Azərbaycandan yüksəkdir. Çünki mənim Azərbaycanda işlədiyim klinikalarda olan vasitələr, avadanlıqlar dünyada ən yüksək və müasir standartlara uyğundur. Amma təəssüf ki, təcrübəli mütəxəssislər azdır. Ona görə də, göz həkimlərinin çoxu cəmi bir əməliyyatın cərrahı olurlar. Məsələn, "mirvari suyu" əməliyyatı üzrə cərrah olub, özünü göz həkimi hesab edən həkimlər Moskvada da, Azərbaycanda da çoxdur. Dünyada oftalmologiya üzrə iki tanınmış elmi məktəb olub. XX əsrdə yaranan sovet məktəbi və XIX-XX əsrdə inkişaf etmiş ABŞ məktəbi. Bu iki məktəbin məzunları İsrailə də yönəlib. Azərbaycandan, Ukraynadan, Belarusdan, Rusiyadan gedən həkimlər İsraildə məktəb yaradıblar. Ona görə də, deyə bilərəm ki, Azərbaycanın gözəl elmi məktəbi və həmin məktəbin Zərifə Əliyeva, Namiq Əfəndiyev kimi nümayəndələri olub. Azərbaycanda göz elminə hər zaman ciddi yanaşıblar. Bizdə ötən əsrin 90-cı illərinin əvvəlində böyük təlatümlər yaşandı, həmin dövrdə müxtəlif tanınmış insanlar kimi göz həkimləri də Azərbaycanı tərk etdilər. İndi dünyanın hər yerində tanınmış azərbaycanlı göz həkimləri yaşayır və fəaliyyət göstərirlər.
- Azərbaycanda göz bankının yaradılması, buynuz qişasının köçürülməsi barədə müzakirələr gedir. Sizin buna münasibətiniz necədir?
— Mən buynuz qişası üzrə mütəxəssis olduğumdan, bu sahə mənim üçün çox önəmlidir. Buynuz qışası bankı yaradılması sovet vaxtında da çox vacib məsələ idi. 70-ci illərdə belə bir bankın yaradılmasına ehtiyac yarandı. Amma həmin bankın bəzi hüquqi problemləri vardı. Təəssüf ki, SSRİ-də etik və hüquqi məsələlər tam şəkildə inkişaf etməmişdi. İnsanın sağlamlığı hər şeydən önəmlidir. Mən bununla çox razıyam. Buynuz qışası bankı inkişaf etmiş ölkələrin çoxunda yaradılıb. Azərbaycanda da gec də olsa, yaranır. Bunun üçün qanunlar olmalıdır. Buynuz qişasını canlı insandan götürmək mümkün olmadığına, qohumlar, ata-ana verə bilmədiyinə görə, bunun becərilməsi lazımdır. Dünyanın inkişaf etmiş ölkələrində buynuz qişası becərilir. Azərbaycana hələ belə texnologiya gəlib çatmayıb. Amma ABŞ-da hər hansı bir ailədə genetik göz problemləri varsa, uşaq dünyaya gələn kimi onun hüceyrələrindən buynuz qişası becərilir. Yəni, arxayın olursunuz ki, nə olursa olsun, uşağın üçüncü buynuz qişası var. Buynuz qişası bankı çox vacib məsələdir. Zəif görmənin, korluğun bir neçə səbəbi var. Bunların arasında buynuz qişası korluğu böyük bir yer tutur. Buynuz qişası bankı həm buynuz qişasının dəyişməsinə, yəni keratoplastika əməliyyatına imkan verəcək, həm də artıq bizim xəstələrimiz müalicə üçün başqa ölkələrə getməyəcək. Buynuz qişasını dəyişmək bütün dünyada qəbul edilib. Hətta İslam dünyasında da. 1980-cı ildən İranda bu əməliyyatlar keçirilir. Bu da xarici ölkələrə maliyyə axını deməkdir. Onu da qeyd etməliyəm ki, buynuz qişasının dəyişməsi ən böyük maliyyə tələb edən əməliyyatlardan biridir. Mən ümid edirəm ki, tezliklə göz bankı yaradılacaq. Buynuz qişası korluğu gənc yaşlarından başladığı üçün bunun qarşısını tez almaq lazımdır. Biz əvvəllər buynuz qişası problemi olan uşaqların təkcə buynuz qişasını dəyişməklə görə biləcəyini düşünürdüksə, hazırda müasir şüa, implant texnologiyaları imkan yaradır ki, belə xəstələri müalicə edə bilək. Mən öz təcrübələrimə əsasən deyə bilərəm ki, bu günə qədər 30 mindən çox şüa (lazer) əməliyyatlarını və 2 mindən artıq buynuz qişası dəyişməsi əməliyyatlarını həyata keçirmişik. Yəni, əvvəl bizim buynuz qişasını dəyişməkdən başqa çarəmiz yox idi. İndi isə bəzi xəstələrimizə müasir şüa texnologiyaları yardım edir və ya keratoplastikanın vaxtı uzanır. Yəni, bu insan 10 il görəcək, 10 ildən sonra lazım olarsa, əməliyyat ediləcək və ya başqa müalicəyə yönəldiləcək.
- Xəstələr ən çox hansı göz problemləri ilə müraciət edirlər? Ən çox yayılan göz xəstəlikləri hansıdır?
— Bu gün ən çox katarakta — mirvari suyu, qlaukoma (qara su), şəkərli diabetin gözdə fəsadı, göz iltihabı, yaşla bağlı göz damarlarının zəifliyi yayılıb. Göz xəstəliklərinin çoxu əlacsız deyil. Amma göz xəstələrinə uyğun eynək yazmaq böyük bir problemə çevrilib. Bu gün mürəkkəb astiqmatizm, yüksək refraksiya anomaliyaları olan insanlara eynək yazmaq, onları eynəyə öyrətmək çətindir. Buna görə də müasir şüa texnologiyaları (MŞT) böyük bir addım atdı. Bu gün müasir klinikalarda gözün "kökü" (göz dibi və ya torlu qişa) salamatdırsa, ancaq optik çatışmazlıqlar varsa, optik problemlərin dərəcəsindən asılı olmayaraq bütün xəstələrimizə yardım edə bilərik. Etibarlılıq, təhlükəsizlik, geniş tətbiq sahəsi və çox az müddətli bərpası MŞT-nin üstünlükləridir. Bu gün elə imkanlar və elə nəticələr alırıq ki, nə vaxtsa biz onları xəyalımıza gətirməzdik. Lazer korreksiyaları uyğun şəraitdə, uyğun insanlara edilməlidir. Hər göz xəstəsinə lazer korreksiyası etmək mümkün deyil. Bizim problemlərimizdən biri də budur ki, şəkərli diabet xəstəliklərindən əziyyət çəkən xəstələr göz həkiminə müraciət etmirlər. Dünyada korluğun əsas səbəblərindən biri də şəkərli diabetdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, korluğunun səbəblərindən 90 faizinin kökündə şəkərli diabet durur.
Korluqla cəmiyyət olaraq mübarizə aparmalıyıq. Dünyada korluğun səbəblərindən birinci yerdə korreksiya olunmamış optik anomaliyalar (mürəkkəb ametropiyalar), ikinci yerdə əməliyyat edilməmiş mirvari suyu, üçüncü yerdə isə qlaukoma gəlir. Bu gün gecikməmiş katarakt əməliyyatı 10-15 dəqiqəyə ağrısız və narkozsuz həyata keçirilir. Bu əməliyyat xəstənin yaşına, xəstəlikərinə, ürək-damar sisteminə heç bir təsir göstərmir. Qlaukoma dünyada korluğun və zəif görmənin aktual səbəblərindədir. Dünyada kor, zəif görən insan çoxdur. Bütün zəif görənlərin 80 faizi vaxtında həkimə müraciət etsəydi, müalicə və bərpa mümkün idi. 7 yaşına qədər uşağa ildə bir dəfə göz həkim müayinəsi vacibdir. Ailədə genetik, irsi göz xəstəlikləri varsa, uşaqlara hər il baxılmalıdır. Ancaq bu gün valideynlər uşağı çox vaxt gözü çəpləşəndə həkimə aparır. Biz xəstəliklərin yaranma səbəblərini əvvəlcədən aradan qaldıra bilsək, təbii ki, xəstəlik ağırlaşmış formada üzə çıxmaz. Bunun üçün də bütün xəstəliklər kimi göz xəstəlikləri üçün də profilaktik tədbirlərə ehtiyac var və zəruridir. Uşaqlara ən azı bağça illərinin sonunda bir dəfə, məktəb dövründə 3 dəfə mütləq göz müayinəsi edilməlidir. Valideyn bilməlidir ki, uşaq hansı görmə qabiliyyəti ilə məktəbə başlayıb və hansı görmə qabiliyyəti ilə təhsilini başa vurub. Onlar ancaq bundan sonra "kitablar gözü zəiflədir" deyə bilərlər. XXI əsrdə yaşayırıq. Amma valideynlər nəzərə almalıdır ki, uşaqlar saatlarla telefon, planşet və başqa qadcetlərlə oynamamalıdır. Televizora da saatlarla baxmaq olmaz.
- Kontakt linza xəstəyə nə zaman məsləhət görülür?
— Dünyada ən köhnə üsul eynəklərdir. Eynəyin təxminən 2 min il yaşı var. Bu gün eynəklərin çeşidi çox və fərqlidir. Eynək bu gün böyük bir sənayedir. Ancaq 70 il əvvəl kontakt linzalar ortaya çıxdı və insanlar çalışdılar ki, daha eynək daşımasınlar. Kontakt linzaları pediatrlar kəşf edib. Bu, körpə uşaqların gözləri üçün vacib idi. Bəzi uşaqlara məcburi kontakt linzalar yazırdıq. Bu gün kontakt linzalar taxmaq üçün təmiz əllər və məsuliyyətli valideyn bəs edir. Bu gün kontakt linzalar olmasa, bir çox göz xəstəliklərinin effektiv müalicəsi çətindir.
- Hazırda bir çox mağazalarda optik eynəklər satırlar. Optik eynəkləri adi mağazadan almaq olarmı?
— Bu, onu sübut edir ki, hazırda göz xəstəlikləri geniş yayılıb. Bu hal Moskvada da var. Optik eynəkləri həkim məsləhəti olmadan birbaşa mağazadan almaq düzgün deyil. 10 il əvvəl USM Moskva metrosunda həyata keçirilirdi. Bu, çox gülünc bir proses idi. Eləcə də mağazalarda optik eynəklərin satılması gülünc və qorxuludur. Hər bir insan bilməlidir ki, onun gözü üçün hazır optik eynək satılmır. Optik eynəklər hər bir insanın gözünə uyğun olmalı, göz həkimi (optometrist) tərəfindən yazılmalıdır. Ancaq eynək alan insan bilməlidir ki, onun gözü nə vəziyyətdədir. Məsələn, kitabda yazılıb ki, 45 yaşında +1, 50 yaşda +2 və 60 yaşında +3 eynək taxılmalıdır. Sağlam insansınızsa, bütün ömrü boyu uzağı yaxşı görmüsünüzsə, təbii ki, 45 yaşından sonra yaxını zəif görəcəksiniz və eynək taxmaq məcburiyyətindəsiniz. Bu sağlam insanlara aiddir. Təbii ki, kiminsə gözündə çatışmazlıq varsa, o, həkim məsləhəti ilə eynək almalıdır. Moskva kimi şəhərdə belə mağazalar azaldı və yaxud göz mərkəzlərinə çevrildi. Onu da vurğulamaq istəyirəm ki, uşaqlara belə mağazalardan eynək almaq qadağandır.
- Doktor, qlaukoma xəstəliyini nə yaradır və müalicəsi varmı?
— Qlaukoma korluğun əsas səbəblərindən biridir. Qlaukoma dünyada ən çox yayılmış göz problemidir. Qlaukoma Azərbaycanda görmə itkisinə səbəb olan (göz üzrə əlilliyin) ilk səbəblərdəndir. Bütün nəslin gözdən əlilliyinin səbəbi ola bilər. Bu gün gözdən əlillərin 36-38 faizi qlaukomanın hansısa növündən əziyyət çəkirlər. Qlaukoma xəstəliyində genetik meyllilik 20 faizi aşır. 50 yaşında riski iki dəfə, 70 yaşından sonra isə 10 dəfə artır. Deməli, bu, yaşlı insanların xəstəliyidir.
Qlaukoma – "qara su" xəstəliyinin aşkar olunmuş, sübut olunmuş səbəbləri tibb aləminə tam məlum deyil. Yəni, göz elmində ən böyük boşluq qlaukoma xəstəliyinin (ən yayılmış formasının) səbəblərinin tam məlum olmamasıdır. Mənim müəllimim akademik Arkadiy Pavlovic Nestrov SSRİ-də "qlaukomanın atası" sayılan bir həkim idi. Bu insan uzun ömür yaşadı və ömrünü qlaukomaya həsr etmişdi. Mən bir gün ondan soruşdum ki, "müəllim, qlaukomanın səbəbi tapılacaqmı?" Dedi, "yəqin ki, tapılacaq, ancaq biz o günü görməyəcəyik".
Qlaukomanın müalicə addımlarını bilirik, amma o, hələ də problem olaraq qalır. Qlaukomanın 90 faizi birincili açıq bucaqlı qlaukoma forması kimi keçir. Yəni, səbəbsiz (səbəbi aşkar olunmayan) qlaukoma. Təəssüf ki, müayinə tam şəkildə həyata keçirilmir, aşkar olunanda 3-4-cü dərəcə qalmış olur. Azərbaycan və Rusiyada həkimlər qlaukomalı xəstələrə 78 faiz, xəstə 3-4-cü dərəcədə olanda diaqnoz qoyur. Deməli, xəstələr gec müraciət edirlər. Qlaukomanın digər adı isə "səssiz göz ölümüdür". Qlaukoma zamanı göz "səssiz şəkildə ölür", görmə zəifləyir və göz sönür. Müalicə zamanı ancaq olan görməni qoruyub saxlamaq, görmənin itməsinin qarşısını almaq mümkün olur. Gözün görməsini tam bərpa etmək mümkün deyil. Məqsəd gözü bərpa etməkdir, amma imkanımız olanı qoruyub saxlayırıq.
Təəssüf ki, bu gün qlaukoma xəstələrinin 35-40 faizi həkim tövsiyələrinə əməl etmir. Qlaukoma çox zaman göz təzyiqinin qalxması ilə müşayiət olunur. Qlaukomaya vaxtında müdaxilə edilməsə, göz tamamilə tutula bilər. Qlaukomanın qarşısını almaq üçün əsas 4 mərhələ var. Bunlar gözdaxili təzyiqi məqsədləşdirmək (tolerantlaşdırmaq), göz sinirinin müdafiəsi, göz və beyin damarlarının bərpası və əlavə xroniki xəstəliklərin müalicəsidir. Qlaukomadan əziyyət çəkən yaşlı xəstələrin əlavə xroniki xəstəlikləri olur və onlar eyni zamanda 3-4 dərman qəbul edirlər. Dərmanlar bir-birinə təsir edə bilər.
Bizi oxuyan insanlar bilsinlər ki, qlaukoma zamanı inadkar və mətanətli olmalıdırlar. Göz damcılarını vaxtında tökməlidirlər. Dərmanlar kifayət qədər bahadır. Dərmanın qiymətinə görə bəzi insanlar müalicədən imtina edirlər. Amma sonrasını düşünmürlər. Müalicə qlaukomanı tam sağaltmır. Müalicə sadəcə olaraq olan görməni qoruyub saxlamağa kömək edir. Dahilərdən biri deyib ki, "baş insanın tacıdır, göz isə tacın ən qiymətli daşıdır". Müxtəlif göz problemlərinin həlli yalnız müasir avadanlıqla tez, dəqiq, mükəmməl və ilkin müayinələrdən sonra mümkündür. Gözlərinizi qoruyun. Yaxşı görmək uğurlu və xoşbəxt gələcəyin açarıdır.