CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Kaş gözlərim açılaydı, anamın üzünü bircə dəfə görəydim..."

© Sputnik / Irade JELILƏlirza Məmmədov
Əlirza Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Arzulayır ki, bir iş adamı tapılsın, gözlərinin açılması üçün əməliyyat xərclərini ödəsin

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 1 may — Sputnik. Onun üçün hər tərəf işıqdır, hər tərəf qaranlıq. Gördükləri, sadəcə təsəvvürləridir. Dünyaya göz açandan hər şeyi ağ və qara rənglərdə təsəvvür edən gəncin həyatda ən böyük arzusu heç olmasa bir dəfə anasının üzünü görməkdir. Deyir ki, özünü anlayandan tək bir istəyi olub — dünyanı, insanları, insanların gülüşünü görmək, baxışlarına şahid olmaq.

Yelləncəkdə otumuş uşaq, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
İnternat məktəbinin direktoru kimsəsiz uşaqlara olmazın işgəncələr verib

Əlirza Məmmədov 1997-ci ildə Ucar rayonunda anadan olub. Anadangəlmə göz qüsuru ilə doğulan Əlirza 6 yaşına kimi rayonda qalıb. Sonra "Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbində" oxumağa başlayır: "12 il həmin məktəbdə təhsil almışam. Göz qüsuru məndə anadangəlmə problemdir. 1998-ci ildə bir gözümdən iki dəfə əməliyyat edildim. Vəd etmişdilər ki, gözüm görəcək. Amma təəssüf olsun ki, bu əməliyyatlar nəticəsiz qaldı. Sonra yenə əməliyyat etmək istədilər. Amma atam razı olmadı ki, onsuz da bir faydası yoxdur. Həm güclü pul xərcləmişdi, həm də mən iki dəfə narkoz almışdım".

2015-ci ildə internat məktəbini bitirən Əlirza, ali məktəbə qəbul olmaq üçün imtahanlarda iştirak edir. Birinci il istədiyi ixtisasa qəbul olunmadığı üçün növbəti il özünü yenidən sınayır. Bu dəfə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Alman dili və ədəbiyyatı" ixtisasına qəbul olunur.

Deyir ki, təhsili ödənişli olduğu üçün bir az problemlər yaşayır: "Dostlarım, qohumlarım çalışırlar ki, mən təhsilimi davam etdirim. Təhsil haqqım 1600 manatdır. Hal-hazırda Güzdəkdə yataqxanada qalıram. Yol çox uzundur, yorur adamı".

O, gözlərinin tam açılmamasına da razıdır: "Demirəm ki, gözlərim 100 faiz açılsın. 5-10 faiz görə bilim ki, kiməsə möhtac olmayım. İndi gündüz işıqdan, gecə qaranlıqdan başqa heç nə görmürəm. Bir neçə dəfə Paşa Qəlbinurun qəbulunda olmuşam, məni müayinə edib. O deyir ki, "göz sağlamdır, problem buynuz qişasındadır". Yəni, göz qarasının üzərini tor alıb. Ona görə də, buynuz qişanın vəziyyətini görmək mümkün deyil. Yalnız əməliyyatla donor köçürmək lazımdır. Həkimlər mənə məsləhət verirlər ki, İstanbuldakı "Dünya" klinikasında yoxlamalardan keçim, sonra nəticəsi bəlli olacaq".

© Sputnik / Irade JELILАлирза Мамедов
Алирза Мамедов - Sputnik Azərbaycan
Алирза Мамедов

Əlirza danışır ki, görmə və eşitmə qüsurlu insanların hissetmə qabiliyyəti güclü olur. Yəni, onlar nəyəsə toxunmaqla hiss edirlər: "Bu xəstəlik məndə anadangəlmə olduğundan, o qədər də dərd çəkmirəm. Bəlkə bu, sonradan qazanılmış olsaydı, mən dözə bilməzdim. Amma indi görmənin nə olduğunu bilmədiyim üçün yaşaya bilirəm".

"Mənə insanların da davranışları pis təsir edir. Məsələn, mən bu gün ağacla hərəkət edirəmsə, gətirib pul verirlər. Bu, məni çox incidir. Xarici ölkələrdə göz qüsuru olan insanlar itlə, ağacla hərəkət edə bilir. Amma bizdə buna pis baxırlar. Mütləq yanında kimsə olmalıdır" — deyir.

O, xəyal qurmağı sevmir. Qorxur ki, qurduğu xəyalları paramparça olar. Və puç olan arzular onu daha çox incidər: "Bəzən gecələr düşünürəm ki, görəsən dünya necədir, insanlar necədir. Yaxınlarımın üzünü görmək istəyirəm. Özüm sərbəst hərəkət etmək istəyirəm. Arzularımın həyata keçməsi üçün görmək istəyirəm".

Deyirlər ki, müəyyən fiziki qüsuru olan insanların mənəvi dünyası daha zəngin olur. Əlirzanın da mənəvi dünyası var: "Çox istərdim ki, hər yerə özüm sərbəst gedib-gələ bilim. Çox zaman insanlar deyirlər ki, "kaş kor olaydım, bu günü görməyəydim". Çox nahaq yerə bu ifadəni işlədirlər. Onlar görməməyin nə olduğunu bilmirlər. Bilsəydilər, belə deməzdilər. Görməmək çox ağırdır".

Əlirzanın 20 yaşı və böyük ümidləri var. Arzulayır ki, bir iş adamı tapılsın, gözlərinin açılması üçün əməliyyat xərclərini ödəsin, gözləri açılsın və anasının, yaxınlarının üzünü görə bilsin…

P.S. Əlirza Məmmədova yardım etmək istəyənlər Sputnik Azərbaycan-ın redaksiyası ilə əlaqə saxlaya bilər.

Xəbər lenti
0