SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-ın Yaxın Şərqdəki gizli-açıq məqsədi

© REUTERS / Rodi SaidABŞ hərbçiləri Türkiyə-Suriya sərhəddində
ABŞ hərbçiləri Türkiyə-Suriya sərhəddində - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Yaxın Şərqdə ABŞ-ın yeganə dayağı İsraildir. Bu yeganə dayaq, Vaşinqtonun bölgəyə tam nəzarət etməsinə imkan vermir"

BAKI, 17 may — Sputnik. "Amerikanın kürd dövlətini yaratmaqda əsas məqsədi Yaxın Şərqi tam nəzarətdə saxlamaqdır". Bu barədə Sputnik Azərbaycan-a politoloq Zərdüşt Əlizadə bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşünü dəyərləndirən politoloq, kürd məsələsində iki dövlətin maraqlarının uyğun gəlmədiyini deyib. Onun sözlərinə görə, hazırda Yaxın Şərqdə ABŞ-ın yeganə dayağı İsraildir. Bu yeganə dayaq, Vaşinqtonun bölgəyə tam nəzarət etməsinə imkan vermir:

"Ümumi çərçivə ondan ibarətdir ki, ABŞ və Türkiyə bir-birləri üçün mühüm, əhəmiyyətli müttəfiq dövlətlərdir. Digər tərəfdən, bu iki ölkə arasında bir çox vacib məsələlərə fərqli baxışlar var. İlk növbədə kürd məsələsində. Yaxın Şərqdə kürd dövlətinin yaranması Amerikanın strateji məqsədlərindən biridir. Əslində isə əsas məqsəd bu bölgəni nəzarətdə saxlamaqdır. Bunun üçün cəmi bir möhkəm dayaq var. Bu İsraildir. İkinci möhkəm dayaq kimi ABŞ, kürd dövlətini yaratmaq istəyir". 

US President Donald Trump's meeting with Turkish President Recep Tayyip Erdogan in Washington on May 16, 2017 - Sputnik Azərbaycan
ABŞ və Türkiyə bu məsələlərdə razılığa gəldilər

Zərdüşt Əlizadə, ABŞ-ın ən başlıca hədəfinin Yaxın Şərqdəki böyük dövlətləri parçalayaraq etnik xirda ölkələr qurmaqdır: "Vaşinqtonun birinci hədəfi Yaxın Şərqdə böyük dövlətləri parçalayaraq etnik xırda dövlətlər yaratmaqdır. ABŞ, bu baxımdan öz siyasətini qurur və ardıcıl həyata keçirir. Üzdə insan haqları, xalqların öz müqəddəratını təyin etmə və s. bu kimi sözlərdən istifadə edib əsas məqsədinə çatmağa çalışır. Amerika bölgədə özünə itaətdən boyun qaçıran, onun sözünə qarşı çıxan böyük və qüdrətli dövlətin olmasını istəmir. ABŞ Türkiyə ilə münasibətdə də öz hədəfinə çatmaq üçün siyasətini yürüdür. Milli azlıqları dəstəkləyir. İndi əsas üzdə olan kürd azlığıdır. Amerika özünü onların haqqını müdafiə edən kimi göstərir".

"Sonu parçalanma ilə nəticələnə biləcək bu planın qarşısını almaq üçün Türkiyə insan haqları, milli-mədəni haqlara önəm verməlidir. Öz demokratik dəyərləri ilə bu separatçı üslubları zərərsizləşdirməlidir. Müəyyən müddətə qədər türk dövləti bu siyasəti yürüdürdü. Kürd açılımı və s. Ancaq sonra fərdi, siyasi və maddi iştahlar üstün gəldi. Milli mənafe ikinci, arxa plana keçdi" — politoloq deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, Türkiyə əlindən gələni edəcək ki, Suriyanın şimalında kürd dövləti qurulmasın: "Amerika isə tam əksinə çalışacaq. Digər tərəfdən, Rusiya da çalışır ki, Suriyanın dövlət kimi ərazi bütövlüyü qorunsun. Çünki bu, Moskvaya əl verir. Bəzi məqamlarda Rusiya ilə Türkiyənin maraqları üst-üstə düşür, bəzilərində isə Türkiyə ilə ABŞ-ın maraqları uyğun gəlir. Qısacası, vəziyyət çox qarışıqdır". 

ABŞ Konqresi - Sputnik Azərbaycan
TƏHLİL
Silah, qan və FETÖ düyünü...

Azad Demokratlar Partiyasının rəhbəri Sülhəddin Əkbər isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, türk heyəti böyük ehtimalla Ağ Evdəki görüşdən razı qalıb.

"Tramp-Ərdoğan görüşünün detalları barədə informasiya hələlik çox məhduddur. Geniş məlumatlar verilməyib. Yəqin ki, Ərdoğanın səfəri yekunlaşandan sonra həm prezident özü geniş açıqlama verəcək, həm də mətbuatdan daha çox məlumat ala biləcəyik. İlkin qiymətləndirməm odur ki, bu ilk görüşdür. Daha çox tanışlıq xarakterlidir. Bu görüş, tərəflərin bir-birinin mövqeyini öyrənmək, eyni zamanda bu mövqeləri uyğunlaşdırmaq baxımdan əhəmiyyətli idi. Ancaq mənim üçün daha əhəmiyyətli olan, Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşdən sonra verdiyi ilkin açıqlamaları idi. Görünür ki, o, bu görüşdən razı qalıb. Belə ki, Ərdoğan, Türkiyə-Amerika münasibətlərini qlobal sabitlik üçün yüksək qiymətləndirdi. Eyni zamanda PYD/YPG-nin tərəf müqabili kimi görünməsinin, razılaşmaya uyğun olmadığını bildirdi. O, iki ölkə əlaqələrinin strateji xarakter daşıdığını qeyd etdi. Ərdoğanın başqa bir vacib qiymətləndirməsi o oldu ki, Türkiyə prezidenti bu səfərin tarixi dönüş nöqtəsi olacağını söylədi. Eyni zamanda, bu çalxantılı dönəmdə Vaşinqton-Ankara əməkdaşlığının önəmini vurğuladı. Bu baxımdan hesab edirəm ki, ən azı türk tərəfi bu görüşə tarixi əhəmiyyət verir. Türk tərəfinin görüşdən yeni dövrün təməlinin qoyulması kimi bir gözləntisi var. İndi baxaq görək, bu gözlənti özünü nə dərəcə doğruldacaq. Bu daha çox, Amerika Birləşmiş Ştatlarının atacağı addımlardan asılı olacaq".

Sülhəddin Əkbər, Tramp-Ərdoğan görüşündə, qlobal və regional məsələlərdə çərçivə razılığının əldə olunduğuna inandığını söyləyib. "Ancaq yenə də, bir sıra məsələlərdə, əsas da PYD/YPG məsələsində fikir ayrılıqları hələ davam edir" — o əlavə edib.

Xəbər lenti
0