BAKI, 17 may — Sputnik. Avropa İttifaqı Komissiyasının miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə komissarı Dimitris Avramopulos, 160 min qaçqınının bölüşdürülməsini nəzərdə tutan mexanizmdə iştirak etməyən üzv ölkələr haqqında təhqiqat aparılacağını açıqlayıb. Sputnik Azərbaycan bu barədə "TRT"-yə istinadən xəbər verir.
Avramopulos, Avropa Parlamentinin Fransanın Strasburq şəhərində keçirilən iclasında, Aİ ölkələrinin 160 min qaçqının kvota sistemi ilə İttifaq ölkələrinə yerləşdirilməsini nəzərdə tutan mexanizmdə iştirak etməsinin hüquqi və əxlaqi vəzifə olduğunu qeyd edib.
Aİ ölkələri daxili işlər nazirlərinin əksəriyyətinin rəyi ilə qəbul edilən mexanizmin prinsipinin həmrəylik olduğuna işarə edən Avramopulos, "söhbət təkcə İtaliya və Yunanıstanın maraqlarından getmir, eyni zamanda bütün Avropa İttifaqının marağından gedir. Kvota sistemi ilə bu günə qədər təxminən 18 min qaçqın yerləşdirilib, amma bu rəqəm həddən çox azdır" deyib.
Komissiya iclasında bu günə qədər bir nəfər də qaçqın yerləşdirməyən üzv ölkələr arasında Macarıstan, Polşa və Avstriyanın adları çəkilib.