BAKI, 16 may — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Pasportlar haqqında" qanuna dəyişiklik müzakirə edilib. Sputnik Azərbaycan xəbər verir ki, qanunun 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində "Azərbaycan Respublikası Prezidenti," sözləri "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Dövlətinin Başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların, habelə Azərbaycan Respublikasının" sözləri ilə əvəz edilib.
Qanunun 6-cı maddəsinin birinci hissəsinin 1-ci bəndində diplomatik pasport verilən şəxslərin siyahısı nəzərdə tutulub. Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçiləri həmin siyahıda olmadığından onlara diplomatik pasportun verilməsi nəzərdə tutulmayıb.
Azərbaycan Prezidentinin İşlər İdarəsinin və Prezidentin Xüsusi Tibb Xidmətinin rəhbər işçilərinə diplomatik pasport verilməsi üçün onların həmin siyahıya əlavə olunması təklif olunub. Qanun layihəsi səsə qoyularaq qəbul olunub.