BAKI, 16 may — Sputnik. Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərə baxılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, məcəllənin 315-ci "Dəniz nəqliyyatı sahəsində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələblərinin pozulması" maddəsi yeni redaksiyada verilir.
Belə ki, dəniz limanının "Gəmi və liman vasitələrinin mühafizəsi haqqında Beynəlxalq Məcəllə"də nəzərdə tutulan sənədlər olmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər 3 yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək. "Dənizçilərin hazırlanması, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya"nın tələblərinə uyğun müvafiq sertifikata (diploma) malik olmayan şəxsin gəmidə həmin sertifikat tələb olunan işlərə buraxılmasına görə fiziki şəxslər 2 yüz manat, vəzifəli şəxslər 5 yüz manat məbləğində, hüquqi şəxslər 2 min manat cərimə olunacaq.
Bundan başqa, alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə heyət üzvünün gəmidə növbə çəkməsinə görə 3 yüz manat məbləğində cərimə nəzərdə tutulur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.