BAKI, 15 may — Sputnik. Donald Tramp sabah Ağ Evdə ən çətin görüşünü keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın "The Washington Post" qəzetində dərc olunan məqalədə qeyd edilir. Məqalədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 16-da Ağ Evdə amerikalı həmkarı Donald Trampla keçirəcəyi görüşə toxunulub.
ABŞ-ın Suriyadakı PYD-yə silah ötürməsi səbəbilə Türkiyənin haqlı narahatlıqları olduğunu yazan qəzet, Trampı çox çətin görüşün gözlədiyini diqqətə çatdırır: "Donald Tramp prezident seçildiyi gündən bu yana xarici ölkə rəhbərləri ilə bir neçə dəfə görüşüb. Ancaq bu, tamam başqa formatda olacaq. Çünki Ağ Evə gələn adam, ABŞ-ın silah göndərdiyi PYD-ni düşmən olaraq görür. Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır".
Mövzunu Sputnik Azərbaycan-a şərh edən politoloq Fikrət Sadıxovun sözlərinə görə, baş verənlər Türkiyə — Qərb münasibətlərinə zərər verir: "ABŞ hesab edir ki, PYD-li döyüşçülər İŞİD terrorçularına qarşı vuruşan ən peşəkar qüvvədir və onları dəstəkləmək lazımdır. Bu amil özü-özlüyündə Türkiyəni Qərb blokundan uzaqlaşdırır".
"Əgər Avropa və Amerika, Türkiyənin özlərindən uzaqlaşmasını istəmirlərsə, Ankaranın maraqlarını nəzərə almalıdır. Hamı bilir ki, bölgədəki kürd silahlı birlikləri və rəhbərləri Türkiyə ərazisinə iddialıdırlar. Həmin separatçılar düşünürlər ki, nə vaxtsa Türkiyə torpaqlarında özlərinə dövlət yarada biləcəklər" — politoloq bildirib.
Fikrət Sadıxov iddia edir ki, ABŞ-ın PYD-yə dəstəyinin arxasında siyasi maraqlar durur: "Birləşmiş Ştatlar kürd dəstələrdən asanlıqla imtina etməyəcək. Əlbəttə, Ərdoğan bu məsələ ilə bağlı Donald Trampla ciddi danışıqlar aparacaq. Çalışacaq ki, Vaşinqton bundan imtina etsin. Bu, mümkün olacaq ya yox, görüşdən sonra bilinəcək".
"İndiki məqamda mən Türkiyənin NATO-dan çıxacağına inanmıram. Ancaq hər halda, bu dəstək davam etsə, düşünürəm ki, münasibətlər daha da gərginləşəcək" — politoloq əlavə edib.