BAKI, 15 may — Sputnik. "Azərbaycana gətirilən bütün dərmanların keyfiyyətinə Səhiyyə Nazirliyi tərəfindən diqqətlə yanaşılır". Bu günlərdə səhiyyə nazirinin müavini Elsevər Ağayev belə açıqlama verib.
Nazir müavini, Milli Məclisdə bəzi millət vəkillərinin Çin istehsalı olan dərmanların ölkəyə Avropa istehsalı olan dərmanlar adı altında gətirilməsi barədə fikirlərinə münasibət bildirərkən deyib ki, nazirliyin analitik ekspertiza mərkəzində dərmanların hər seriyası yoxlandıqdan sonra onların idxalına icazə verilir. Onun sözlərinə görə, ümumiyyətlə, dünyanın qəbul etdiyi qaydalar var ki, hər hansı istehsalçı öz məhsulunu Çində və ya başqa bir ölkədə istehsal edə bilər.
"Hətta Avropanın aparıcı şirkəti ucuz işçi qüvvəsinə görə hansısa dərmanın istehsalını Çində, Cənubi Koreyada və başqa ölkələrdə qura bilər. Əgər bunun üçün rəsmi lisenziyası varsa, onların Azərbaycana idxalına icazə verilir" — E. Ağayev qeyd edib.
Çindən gətirilən həmin dərmanların keyfiyyətinə gəlincə, nazir müavini deyib ki, ümumiyyətlə, Azərbaycana gətirilən dərmanlar sırf Çin istehsalı deyil: "Əksər Avropa şirkətləri Çin xammalından istifadə edir. Dünyanın dərman bazarında xammal, əsasən Çində istehsal edilir".
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ümumiyyətlə, 1970-ci illərdən sonra dünya iqtisadiyyatında istehsalın böyük bir qismi Çin kimi ölkələrə köçürülüb: "Hökumətin iqtisadi siyasəti nisbətən yumşaltması, liberallaşma istiqamətində qərarlar qəbul etməsi, ucuz işçi qüvvəsinin və çox böyük bazar olması baxımından, Avropa şirkətləri daxil olmaqla, digər inkişaf etmiş dünya ölkələrinin müəssisələri istehsalını Çinə transfer edib. Hazırda isə Çində ucuz işçi qüvvəsinin həcmində azalma baş verib, əhali sürətlə yaşlanır".
"Böyük şirkətlər artıq öz istehsallarını, əsasən Hindistana köçürür. Çünki Hindistan hələ də ucuz işçi qüvvəsi baxımından kifayət qədər sərfəlidir. Söhbət təkcə aylıq əmək haqqı ödənişindən getmir. Bu kimi ölkələrdə, yəni, Çində, Hindistanda, Türkiyədə əmək məhsuldarlığı həddindən artıq yüksəkdir. Məsələn, işçinin əmək qabiliyyəti, cəldliyi, prosesi idarəetmə gücü baxımından üstünlüyə malikdir. Tutalım, istehsal üçün Azərbaycanda 10 gün vaxt sərf olunursa, bu, Türkiyədə 5 gün, Çində isə 2,5 gün vaxt sərfi deməkdir" — Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı təkliflər hazırlayarkən, beynəlxalq korporasiyaların ölkəmizdə fəaliyyətini, istehsalını təşkil etmək üçün münbit şəraitin yaradılması məsələsi mühüm hesab edilib: "Azərbaycanın geostrateji mövqeyi müəyyən qədər buna imkan verir. Eyni zamanda, Ələtdə yaradılacaq Azad İqtisadi Zonanın olması, Orta Asiya ölkələrinə çıxış imkanları, tranzit, nəqliyyat yolları üzərində yerləşməsi və s. Hüquqi bazanın təkmilləşdirilməsi, liberallaşma, şəffaflaşma, məhkəmə hakimiyyətinin tam müstəqilliyinin təmin edilməsi və s. baş verərsə, gələcəkdə mərhələli şəkildə istehsalçıları Azərbaycana cəlb etmək olar".
Ekspert deyib ki, artıq Rusiya və İranın şirkətləri Azərbaycanın dərman bazarına maraq göstərir: "Bununla bağlı ötən il sazişlər imzalanıb və xüsusi zonada dərman istehsalı planlaşdırılır. Polşa biznesmenləri də Azərbaycanda dərman sektoruna maraq göstərirlər və son 10 ildə Polşada bu sahə sürətlə inkişaf edib. Azərbaycan bazarının dərman istehsalı baxımından boş olması bu kimi şirkətlərinin diqqətini çəkib. Qalır hökumətin üzərinə düşən öhdəliyini yerinə yetirməsi".
"Azərbaycanın qeyd etdiyimiz ölkələrdən zəif tərəflərindən biri əmək məhsuldarlığının aşağı olmasıdır. İkincisi, Azərbaycanın kiçik ölkə olmasıdır. Yəni, böyük korporasiyalar ölkəmizə gəlirsə, burada əsasən istehsalın təşkil edilməsi və xarici bazarlara çıxış məsələsi var. Bu baxımdan ixrac ilə bağlı prosedurların daha da sadələşdirilməsi, eyni zamanda, ixracın təşviqi ilə bağlı subsidiya mexanizmlərinin təkmilləşdirilməsi təşviqedici xarakter daşıya bilər" – deyə o, qeyd edib.
Tibb eksperti, professor Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Çində ən yüksək səviyyədə keyfiyyətli mal və ən keyfiyyətsiz mal da tapmaq mümkündür: "Bəzi dərman preparatları məsələn, jelatin, kapsul, həblərin üzərinə vurulan müxtəlif qatlar Çində istehsal olunur. Çində kifayət qədər qiymətli dərman preparatları var. Söhbət ondan gedir ki, Çindən Azərbaycana keyfiyyətli dərmanlar idxal ediləcəkmi? Buna da dərmanı gətirən firmalar və aidiyyəti qurumlar məsuliyyət daşımalıdırlar".