BAKI, 13 may — Sputnik. Azərbaycan karateçiləri “Bakı-2017”də ikinci qızıl medalı qazanıblar. Kişilərin kumite yarışının 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəfael Ağayev bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. Öncə 1/8 finalda Türkiyə təmsilçisi Erman Eltemerini, daha sonra 1/4 finalda Səudiyyə Ərəbistanı idmançısı Sultan Əl Zəhranini məğlub edib. Yarımfinalda Ağayevin rəqibi isə malayziyalı Şarmendran Ragonathanı olub. Bu idmançıya da qalib gələn karateçimiz finala yüksəlib. Finalda Pakistan idmançısı Qulam Abbası ilə qarşılaşaraq onu 4:0 hesabı ilə məğlub edən karateçimiz İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
Qeyd edək ki, bu Rafael Ağayevin İslam Həmrəyliyi Oyunlarında 2-ci qızıl medalıdır.
Azərbaycan millisinin boksçusu Rauf Rəhimov da IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb. Ölkəmizi 81 kq çəki dərəcəsində təmsil edən idmançı 1/8 final mərhələsindəki döyüşünü qalib kimi bitirib.
O, Hafiz Adli Mohdunu (Malayziya) 5:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Rəhimovun 1/4 final görüşü mayın 16-na təsadüf edəcək. Təmsilçimiz Əli Xanla (Pakistan) üz-üzə gələcək.
Ağır atletika yarışlarında çəkisi 53 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Səbinə Əzimova ilə yanaşı Gülçin Əlizadə də təmsil edib. O, birdən qaldırma hərəkətində 70 kq-ı ram edib. Gülçin təkanla qaldırma hərəkətində 86 kq-ı başı üzərinə qaldırıb. Toplam 156 kq (70+86) nəticə göstərən Əlizadə bu çəki dərəcəsində 4-cü yeri tutub.
Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadən Sputnik Azərbaycan xəbər verir ki, idmançı qələbəsi haqqında bu sözləri deyib.
“Çıxışım xoşuma gəldi və qazandığım nəticə də pis olmadı. Ən güclü rəqiblərim İndoneziya və Türkiyə idmançıları oldu. Hər kəsə təşəkkür edirəm və əziyyətimi çəkən məşqçilərimə də minnətdarlığımı bildirirəm”.