BAKI, 12 may — Sputnik. Azərbaycan gimnastları Marina Durunda və Jalə Piriyeva IV İslam Həmrəyliyi Oyunlarında halqa və top ilə hərəkətlərdə final mərhələsinə yüksəliblər.
Federasiyanın rəsmi saytına istinadən Sputnik Azərbaycan xəbər verir ki, halqa ilə hərəkətlərin nəticələrinə əsasən Marina Durunda 16.750 xalla ilk yerdən finala çıxıb. Jalə Piriyeva isə 16.300 xalla ikinci yerdə qərarlaşıb.
Finala çıxan idmançılar arasında Özbəkistan təmsilçiləri Anastasiya Serdyukova və Sabina Taşkanbayeva, Türkiyə gimnastları Ecem Cankaya və Başak Nida Karaevli, Livan təmsilçisi Alisa Sadek və İndoneziyalı Baxyu Putri yer alır.
Durunda və Piriyeva topla çıxışlarla da təsnifat mərhələsini lider olaraq bitirdilər. Marina 16.200 xal, Jalə isə 16 xalla yarışların ilk gününə yekun vurublar.
Qeyd edək ki, topla final mərhələsində Özbəkistanlı Anasatasiya Serdyukova və Nurinisso Usmanova, Türkiyə təmsilçiləri Ecem Cankaya və Başak Nida Karaevli, Suriya gimnastı Dina Ali Alşix və İndoneziyalı Baxyu Putri çıxış edəcəklər.