BAKI, 10 may — Sputnik. ABŞ prezidenti Donald Tramp PKK terror təşkilatının Suriya qolu PYD-yə silah verilməsini nəzərdə tutan sənədi imzalayıb. Bu haqda ABŞ Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Qeyd edək ki, Türkiyə PKK-nın Suriya qolu PYD/YPG-ni terror təşkilatı olaraq tanıyır. Terror təşkilatı PYD və onun hərbi qolu YPG-nin qərargahlarında terrorçu lideri Abdullah Öcalanın şəkilləri asılır. Hətta ABŞ hərbçilərinin Öcalanın şəkilləri qarşısında PYD terrorçuları ilə fotoları da yayılıb.
Ankara isə bütün bunlara baxmayaraq, qərarlı şəkildə dəfələrlə PKK/PYD-yə qarşı əməliyyatlar həyata keçirir. ABŞ isə hələ Obama dönəmindən PKK/PYD-ni Suriyadakı müttəfiqi adlandıraraq, terror təşkilatına hərbi yardımlar edir. Ehtimal etmək olar ki, Trampın bu qərarından sonra Türkiyə — ABŞ münasibətləri daha da pisləşəcək.
Suriya böhranının başlama səbəblərindən biri İraqda olduğu kimi, ABŞ-ın bu ölkədə də kürd dövləti yaratmaq istəməsidir. Yaxın Şərqdə İsraillə üz-üzə gəlməyən, onlara qarşı savaş açmayan ancaq kürdlərdir. Ağ Ev məhz bu amili nəzərə alaraq, kürdlər üçün dövlət yaratmaq planını işə salıb.
Əslində bu proses yeni deyil, 2003-cü il İraq müharibəsinin kökündə də bu niyyət yatır. Məqsəd regionda İsrailə dost dövlət yaratmaqdır. Kobanidə yeni qurulan Amerika hərbi bazası da bu plana xidmət edir.
Qərb blokunun terrorla mübarizədə Türkiyəni meydanda tək qoyması yeni ittifaqların qurulması ilə nəticələnə bilər. Nə Vaşinqton, nə də Avropa dövlətləri terrorla mübarizədə Ankaranın yanında yer alır. Suriyadakı böhranın istənilən ərəfəsində Amerika ilə kürdlərin mövqeləri üst-üstə düşürdü. Hər ikisi də həm İŞİD-ə, həm də Bəşər Əsədə qarşıdır. ABŞ kürd silahlılarını (PYD-YPG) hər zaman İŞİD-ə qarşı döyüşən ən effektli güc olaraq görürdü və bu indi də belədir.
Vaşinqtonun kürd silahlılarla əməkdaşlıq etməsinin digər səbəbi də regionda Türkiyənin gücünü zəiflətmək cəhdidir. ABŞ Türkiyənin bölgədə söz sahibi olmasını arzulamır. Buna görə də, Ankaranın terrorçu olaraq gördüyü qruplarla əməkdaşlıq edir, onlara silah satır. Əsas məqsədi regionda balans yaratmaqdır.
Suriyada yaşayan və ümumi əhalinin 10 faizini təşkil edən kürdlər baş verən qarışıqlıqdan istifadə edərək, 2013-cü ilin noyabr ayında birtərəfli olaraq ölkənin şimal-şərqində avtonom zona yaratmaq haqqında qərar qəbul etdilər. Ərazi Cəzirə, Kobani və Afrin şəhərlərini əhatə edirdi və buranı kürdcə "qərb" mənasını verən Rojava da adlandırırdılar.
Suriya kürdlərinin bu təşəbbüsü dünya ictimaiyyəti tərəfindən istədikləri rezonansı doğura bilmədi. Çünki bu dövrdə aparıcı dövlətlər güclənməkdə və qırğınlarının şiddətini gündən-günə artırmaqda olan İŞİD-ə qarşı mübarizə, İraqda baş verən bölücülük tendesiyalarının güclənməsi və İranın nüvə məsələsi ilə ciddi məşğul idi.
Suriya kürdləri görünür, öz müstəqillik ideyalarından əl çəkmək fikrində deyillər. Suriyanın federallaşmasının əleyhinə olanlar buna tərəfdar olanlara qarşı arqumentləri irəli sürməyə başladılar.
İstənilən halda təhlillər onu göstərir ki, Qərb ölkələri Yaxın Şərq layihəsi çərçivəsində bölgədə böyük Kürdüstan dövləti yaratmaq istəyir. Bu dövlət İsrailin tərəfdaşı kimi nəzərdə tutulub. "Böyük Kürdüstan" ərazisinin bir hissəsi də İran torpaqlarında planlaşdırılıb. Bu da Türkiyə və İranı yaxınlaşmağa, birgə maraqlarda birləşməyə məcbur edə bilər.
Artıq Suriya və Əsəd iqtidarı mövzusu qapanıb. Qərb bu məsələdə istədiyinə həyata keçirməkdədir. İndi yeni mövzu tapılıb və bu da kürdlərlə bağlıdır. Artıq İraqın şimalındakı kürdlər İraq hökumətinin Suriya ilə sərhəddə qoşun yığmasına, kürdlərin buradakı sərbəst hərəkətinin əngəllənməsinə qarşı sərt təpki belə, göstərirlər.
Belə bir təsəvvür yaranır ki, bölgədə bir müddət sonra söz sahibi Türkiyə, İran kimi dövlətlər deyil, kürdlər olacaqlar. İraq və Suriya kürdlərinin birləşməsi, Türkiyədəki kürdlərin muxtariyyət əldə edərək onlara qoşulması və yol üzərindəki ən böyük təhlükənin – İranın aradan götürülməsi əsas hədəfdir.
Bütün bunlar bir məqsədə xidmət edir: Ermənistan – Kürdüstan — İsrail üçbucağının qurulmasına. Suriya parçalandıqdan, kürdlər bir qədər də güc əldə etdikdən sonra İranın hədəf olacağını hər kəs anlayır…