Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 9 may — Sputnik. Astara Boks Mərkəzində aprel şəhidlərinin xatirəsinə həsr olunan həvəskar və peşəkar boks və kikboksçular arasında Beynəlxalq turnir keçirilib.
Rinqdə ilk olaraq kikboksçular üzü-üzə gəliblər. Əli Dadaşov və Əli Əliyevin arasında keçirilən döyüşdə Əli Dadaşov qalib olub.
Boksçulardan Sənan Rzayevlə Əli Qəmbərov, Ümüd Rüstəmovla Elvin Qqarayev, Orxan Məmmədovla Elvin Axundzadə qarşılaşıblar. Bütün döyüşlərdə birincilər qalib gəliblər.
Yarışın ən maraqlı görüşləri isə gürcü boksçularla azərbaycanlı boksçuların döyüşləri olub. Peşəkar boks üzrə dünya və Avropa kəmərlərinin sahibi, 24 dəfə qələbə çalıb, yalnız 3 dəfə məğlub olan lənkəranlı peşəkar boksçu Rauf Ağayev gürcüstanlı həmkarı Mişiko Şubitidze ilə rinqə çıxıb. Bu iki peşəkarın qarşılaşmasında tam üstün olan Rauf Ağayev ikinci raundda rəqibini nokauta salmaqla qələbəni bayram edib.
Ardınca isə dünya və Avropa çempionatlarının gümüş medalçısı İsmət Eynullayev və Robizoni Omsaraşvili qarşılaşıblar. Bu görüşdə də qələbə qazanan həmyerlimiz olub.
Məlumat olaraq bildirək ki, turnirin sonunda qalib idmançılar kubok və diplomlarla mükafatlandırılıblar.