CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbul imtahanında 700 bal toplamağın sirrini açdılar

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidБланк ответов, фото из архива
Бланк ответов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeddi qəhrəmanın uğur sirri

BAKI, 9 may — Sputnik. Mahirə Əsədzadə 162 saylı orta məktəbin məzunları sırasında 700 bal toplamış ilk abituriyentidir. O, əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindəndir. Mahirənin sözlərinə görə, bu göstərici onun üçün üçqat qürürvericidir.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Mahirə bu yüksək nəticəni I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında toplayıb. İmtahan zamanı həyəcanlı olduğunu, daha sonra həyəcanına qalib gəldiyini deyir.

"Sualları oxuyanda içimə bir sevinc doldu ki, bəli, mən 700 bal toplayacağam. Çıxanda valideynimə dedim ki, 690, ya da 700 bal yığacağam. Şükür ki, üzümü ağ çıxardım. Sevincimdən uçurdum, izah edə bilməyəcəyim qədər qürürverici bir hiss idi. Bu, təkcə mənim uğurum deyildi, məktəbin uğuru idi, müəllimlərimin uğuru idi, ailəmin uğuru idi. Qürur verdi mənə".

Mahirə deyir ki, hədəfə çatmaq üçün ilk olaraq qarşına məqsəd qoymalısan.

Arzu Məmmədzadə - Sputnik Azərbaycan
Arzu Məmmədzadənin 700 bal toplamağının sirri açıldı

"İlk öncə hədəfimi bəlli etdim. Buna görə çalışırdım. Bu işin gecəsi, gündüzü olmur. İlk öncə aşağı siniflərdən yaxşı oxumağa başlamışam. O zaman hansısa bir fənnə ayrı-seçkilik etməmişəm. Düşünürdüm ki, son 10-11-ci sinifdə oxuduqlarım, 11 illik tədris proqramına yiyələnmək kifayət etməyəcək. Məhdudiyyətlərim isə belə idi — yatmırdım, yeməyin vaxtını qısırdım, sosial şəbəkələrdən uzaq idim."

Mahirə artıq seçimini edib: Bakı Ali Neft Məktəbi. İxtisası isə hələlik seçməyib. Gələcək abituriyentlərə isə mesajı belədir:

"Məqsədyönlü çalışın, zəhmətiniz hədər getməyəcək. Heç vaxt yorulmayın, yoruldum deməyin. Hədəfinizi seçin, kim olmaq, nə etmək sualına özünüzdə cavab tapın və əmin olun ki, uğurunuz sizə yaxındır".

I qrup üzrə 700 bal toplayanlardan biri də Akademik Zərifə Əliyeva adına liseyin məzunu Elmir Əhmədovdur. Yüksək nəticənin onun üçün gözlənilməz olmadığını deyir.

"Mütəmadi olaraq keçirilən sınaq imtahanlarında topladığım ballar, həm müəllimlərimin, həm də özümdə bir inam yaradıb. Həyəcan yox idi, özümü tam hazır hiss edirdim. Desəm ki, bütün günümü oxumağa sərf etmişəm, yalan demiş olaram. Liseyin ictimai həyatında yarışmalara, olimpiadalara, əyləncələrə də vaxt ayırmışam. Amma əsas diqqətimi dərslərimə yönəltmişəm".

Elmir də Bakı Ali Neft Məktəbində mühəndislik ixtisası üzrə təhsil almaq istədiyini deyir.

Dövlət İmtahan Mərkəzinin binası - Sputnik Azərbaycan
ELM
İmtahan nəticələri elan olundu

Xalidə Əliyeva isə Bakı şəhəri 220 saylı məktəb-liseyin məzunudur. O da eyni ixtisas qrupu üzrə 700 bal toplayıb. Xalidə təkcə son iki ildə hazırlaşaraq yüksək nəticə qazanmağın kifayət etmədiyini deyir. 700 balı yığmaq üçün xüsusi bir formulun olmadığını vurğulayan Xalidə, bunun üçün sadəcə aramsız oxumağın vacib olduğunu bildirib. 

"Aşağı siniflərdən topladığım elmi bazanın sayəsində iki il müddətində daha yaxşı hazırlaşaraq 700 bal yığdım. Bu il ilk dəfə idi ki, iki dəfə imtahan keçiriləcəkdi. Birincidə mən iştirak etdim. Sözün açığı, birinci dəfə imtahanların keçən ilki tarixdən iki ay əvvəl keçiriləcəyini eşidəndə qorxdum. Amma sonra dedim ki, niyə də yox. Daha da çox hazırlaşdım. Şükür ki, 700 balı yığdım".

Xalidə də bu illər ərzində özünə məhdudiyyətlər qoyub. Belə ki, o, telefondan, televiziyadan, sosial şəbəkələrdən uzaq durub.

"Bunlar fikri çox yayındırır. Sadəcə dərs oxumaq lazımdır. Gündəlik dərsləri yaxşı oxumaq lazımdır. Hər günün dərsini elə həmin gün oxumaq lazımdır. Çünki bu çox yaxşıdır. Sabah oxuyaram, imtahan yaxınlaşanda oxuyaram deyib, bir kənara qoymasınlar. O gün oxusunlar".

Xalidə hələlik harada təhsil alacağına dair qərar verməyib.

İmtahan prosesi - Sputnik Azərbaycan
ELM
Bu gün 40 mindən artıq şagird imtahan verib

I ixtisas qrupu üzrə 700 bal toplayanlardan biri də Gəncə şəhəri 26 saylı məktəb-lisey kompleksinin məzunu Abdulla Əsgərzadədir. Abdullanın atası həkim, anası isə musiqi müəlliməsidir. Özündən böyük olan iki bacısı tələbədir.

İmtahandan çıxan kimi cavabları yoxladım. Azərbaycan dilindən bir-iki suala əmin deyildim. Onlar da düz olandan sonra əmin oldum ki, maksimum nəticə göstərmişəm.

Abdulla Əsgərzadə daha çox fizika fənninə maraq göstərir. Aşağı siniflərdən başlayaraq ciddi hazırlaşdığını deyən abituriyent onun uğurunda təhsil aldığı liseyin müəllimlərinin böyük əməyi olduğunu qeyd edir.

"Abdulla 7-ci sinifdən bizdə təhsil alır. Ödənişsiz təhsil alanlardan biridir. Onun aşağı siniflərdən təhsilə və dərsdən əlavə işlərə marağı bizdə onun yüksək nəticə əldə edəcəyinə əminlik yaratmışdı. Çox sevinirik ki Abdulla bizim bu inamımızı doğrultdu".

Abdulla Əsgərzadə Bakı Ali Neft Məktəbində və ya ADA Universitetində təhsil almaq niyyətindədir.

Qeyd edək ki, mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qruplar üzrə keçirilən qəbul imtahanında 7 nəfər maksimum 700 bal toplayıb.

Xəbər lenti
0