BAKI, 7 may — Sputnik. İkinci ixtisas qrupu üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Arzu Məmmədzadədir. Ağcabədi şəhər 3 nömrəli məktəb-liseyin məzunu olan Arzu imtahanda bütün suallara doğru cavab yazmaqla 700 bal toplayıb.
Onun bu uğuru nəinki ailəsində, eləcə də təhsil aldığı məktəbdə, Ağcabədi rayonunda və bütün Azərbaycanda böyük sevinclə qarşılanıb.
Sputnik Azərbaycan xəbər verir ki, Arzu Məmmədzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində məktəbdə yaxşı oxusa da, son iki ildə hazırlıq kursuna getdiyini bildirib.
Sınaq imtahanlarında həmişə 600-dən yuxarı bal toplayıb. Arzunun hədəfi isə 700 bal toplamaq olub:
"Bu nəticəni əldə etmək üçün çox çalışmışam. Dərslərə məsuliyyətlə yanaşırdım. İmtahanda 700 bal yığmağı çox istəyirdim. Bu nəticəni göstərməyimdə müəllimlərimin əməyi böyükdür. Valideynlərimin, baba və nənəmin dəstəyi hər zaman üzərimdə olub. Onlara təşəkkürümü bildirirəm".
Arzu Məmmədzadə bildirib ki, bu günədək qarşıya qoyduğu ən böyük hədəfə nail olub. İndi isə istəyi beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almaq və Azərbaycanı xarici ölkələrdə diplomat kimi layiqincə təmsil etməkdir.
Arzunun müəllimi Camal Əliyev onun əzmkar və çalışqan şagird olduğunu deyib:
"Ən nümunəvi şagirdlərimizdən olan Arzu verdiyimiz tapşırıqları hər zaman yerinə yetirib, nizam-intizamı, çalışqanlığı, əzmkarlığı ilə seçilib. Ümidlərimizi doğrultduğu üçün Arzuya minnətdarlığımı bildirirəm".
Arzu ailənin üç övladından biridir. Böyük bacısı ötənilki qəbul imtahanlarında 675 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. Yeddinci sinifdə təhsil alan qardaşı da bacılarının yolunu davam etdirəcəyini bildirir.
Arzunun anası Mehriban Məmmədzadə qızının imtahanlarda yüksək bal yığacağına əmin olduğunu deyib:
"Arzu orta məktəbi çox yaxşı oxuyurdu. Məktəbdəki tədbirlərdə, keçirilən intellektual yarışlarda həmişə fəal iştirak edib. Qəbul imtahanlarına çox səylə hazırlaşırdı. İnanırdıq ki, o da bacısı kimi yüksək bal toplayacaq. Arzu edirəm ki, bütün valideynlər bizim keçirdiyimiz sevinci yaşasınlar".