CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtobusda yer olmadı, ölümdən qurtardı

© Sputnik / Ramil IbrahimovHümbət Sadıqov
Hümbət Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
İndi o Ağdam rayonunda — cəbhə xəttinə yaxınlığında yaşayan son Böyük Vətən Müharibəsi iştirakçısıdır

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 8 may — Sputnik. "Onda radioda dedilər ki, iyunun 22-də saat 4-də bizə hücum olub, Kiyev bombalanıb, müharibə başlayıb. Hələ o vaxt belə də söz gəzirdi ki, Hitler deyib "ayaqqabımı bir dəfə Berlində, ikinci dəfə Moskvada siləcəyəm".

Bəşər tarixinin ən qanlı müharibəsinin başlanmasını Böyük Vətən Müharibəsi veteranı Hümbət Sadıqov belə xatırlayır.

Sovet İttifaqında elan edilən ümumi səfərbərlik, o vaxt 19 yaşı olan Hümbət Sadıqovu doğulduğu Ağdam rayonunun Yusifcanlı kəndindən uzaq Ukrayna cəbhəsinə aparıb çıxarır. 1941-ci ildən 77-ci dağ atıcı diviziyanın tərkibində alman faşistlərinə qarşı döyüşür. 95 yaşlı müharibə veteranı deyir ki, almanlar sovet ordusunun müqavimətini qırmaq üçün təkcə hərbi gücdən deyil, həmçinin psixoloji vasitələrdən də istifadə edirdilər: "Alman təyyarələrindən o vaxtkı sovet rəhbərinin Moskvanı tərk edib qaçdığına dair karikaturalar və təslim olan əsgərlərə toxunulmayacağı haqqında vərəqələr atılırdı. Belə vərəqələri özündə saxlayan əsgərləri isə ən ağır cəza gözləyirdi". 

Müharibə veteranı faşistlərin Lvov və Bresti necə bombaladıqlarını xatırlayır - Sputnik Azərbaycan
VİDEO
Müharibə veteranı faşistlərin Lvov və Bresti necə bombaladıqlarını xatırlayır

1943-cü ilə cəbhədə vəziyyət sovet ordusunun xeyrinə dəyişəndə, onun döyüşdüyü diviziya Voroşilovqrad (indiki Luqansk) şəhərini düşməndən təmizləmək üçün hücuma keçir. Döyüşün dəhşətlərini təsvir edən Hümbət Sadıqov deyir ki, meyitlərin sovet və ya alman əsgərinə məxsus olduğunu yalnız düymələrdəki oraq-çəkicdən ayırd etmək olurdu. Həmin il onun döyüşdüyü diviziya Simferopol şəhərini də azad edir. Bu döyüşdə Hümbət Sadıqov ayağından yaralanır. Yaralıları götürməyə gələn avtomobildə yer olmadığından, o, döyüş meydanında qalır. Elə bu təsadüf də Hümbət Sadıqovun həyatını xilas edir.

"Bəlkə 10 yerində avtomat gülləsi olan bir avtobus gəldi. Mənimlə birlikdə bir qoca rus da var idi. İkimizə yer olmadı. Mən Allaha yalvarırdım ki, kömək olsun bizə, rus da öz dilində dua edirdi. Gördük avtobus gedir, almanların da təyyarəsi aşağı ilə gəlirdi. Gəldi qalxdı yuxarı, çevrildi, bombanı atdı avtobusun üstünə. 14-15 adam var idi avtobusda, tibb işçiləri qarışıq hamısı öldü" –deyir Hümbət Sadıqov

© Sputnik / Ramil IbrahimovBöyük Vətən Müharibəsi veteranı Hümbət Sadıqov
Böyük Vətən Müharibəsi veteranı Hümbət Sadıqov  - Sputnik Azərbaycan
Böyük Vətən Müharibəsi veteranı Hümbət Sadıqov

Daha sonra döyüş yoldaşları onu cəbhə xəttindən götürərək hərbi hospitala çatdırır. Hümbət Sadıqov deyir ki, hospitalda müalicə alanda xalq şairi Səməd Vurğunla da görüşür. 

Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
CƏMİYYƏT
Müharibə iştirakçılarına pul veriləcək

"Dedilər “zemlyakın” gəlib. Dedim nə gəzir burada mənim “zemlyakım”? Qapı açıldı, şəklini görmüşdüm, tanıdım ki, Səməd Vurğundur. Telimi sığalladı. “Səadət nəğməsi” adlı kitabı var idi, qoydu yastığımın altına" – şairlə görüşünü belə xatırlayır Hümbət Sadıqov.

Sağaldıqdan sonra Hümbət Sadıqov yenidən cəbhəyə qayıdır. 1944-cü ildə Rumıniyanın faşistlərdən təmizlənməsində iştirak edir. Döyüşlərdən birində yaxınlığında partlayan mərmi onun sol ayağını itirməsinə səbəb olur. Ordudan tərxis olan Hümbət Sadıqov qələbə xəbərini Azərbaycana qayıdandan bir il sonra radioda eşidir. İndi o Ağdam rayonunda — cəbhə xəttinə yaxınlığında  yaşayan son Böyük Vətən Müharibəsi iştirakçısıdır. Doğma kəndi Yusifcanlı 24 ildir işğal alındadır. Deyir ən böyük arzusu ölməzdən əvvəl daha bir qələbə xəbərini eşitməkdir. Qarabağın işğaldan azad olunması xəbərini…

Xəbər lenti
0