Təranə Xudabaxşiyeva
BAKI, 7 may — Sputnik. Yaz-yay mövsümü gələr-gəlməz insanlar qış boyunca yığdıqları stressdən xilas olmaq üçün müxtəlif istirahət növlərinə üstünlük verirlər. Bəziləri şəhərin səs-küyündən uzaqlaşıb kəndə üz tuturlar. Kənd həyatının gözəlliklərindən, təbiətdən zövq alaraq stress atırlar. Digərləri xarici ölkələrə üz tutub, həmin ölkənin tarixi yerlərini gəzərək dincəlirlər. Bir qisim insan da dəniz kənarında günəş vannası qəbul etməyə üstünlük verir. Bir sözlə, insanlar şəhərin çirkli havasından, səs-küylü küçələrindən, hündür binalarından – gündəlik həyatlarından az müddətə də olsa ayrılmağa çalışırlar.
Amma təəssüf ki, regionlarda olan istirahət mərkəzlərinin əksəriyyəti şəhər otellərindən fərqlənmir, eyni xidməti təqdim edir. Bu isə dincələnlərə tam istirahət zövqünü yaşamağa mane olur. Elə ona görə də, təbiətin ağuşuna çəkilib bir müddət bu gözəllikdən zövq alaraq dincəlmək istəyənlər dağların ətəyində, meşənin dərinliklərində kamplar (düşərgə — red.) quraraq bu zövqü yaşayırlar. Belə istirahət mərkəzləri dünyanın hər yerində geniş yayılsa da, Azərbaycanda bu ənənə demək olar ki, yox səviyyəsində idi. Sevindirici haldır ki, ölkəmizdə ənənəvi olmayan bu istirahətə vətəndaşların marağı günü-gündən artır.
Bir neçə gün öncə media nümayəndələri Azərbaycanda ilk yaradılan "CampAct Klub"un açılışında olublar. Bu tədbirdə iştirak etmiş Sputnik Azərbaycan-ın müxbiri gördükləri barədə belə danışır: "Doğrusu, məni açıq məkan, meşənin ortası, yanan ocaq ətrafında soyuqdan qorunub səhərin açılmasını gözləmək, vəhşi heyvanların səsini daha yaxından duymaq düşündürürdü. Öyrəşmədiyim bir istirahət növündə rahat ola biləcəyimə tərəddüd edirdim. Amma maraq üstün gəldi və fərqli bir mühitdə vaxt keçirmək üçün kampda iştirak etmək qərarına gəldim. İlk kamp Qubada Qəçrəş ərazisindəki meşəlikdə quruldu. Təşkilatçılar bizim gəlişimizə öncədən hazırlıq görmüşdülər. Çadırlar qurulmuşdu, manqal və ocaq hazır idi. Hava isti olsa da, yaz fəsli öz şıltaqlığını göstərdi. Öncə günün istisindən qızınsaq da, az keçmədən yağan yaz yağışı bizi çadırlarımıza sığınmağa məcbur etdi. Biz az sonra günəş yenə üzümüzə güldü və artıq əsl yaz havasını hiss etməyə başladıq.
Ocaq ətrafında oturaraq müxtəlif hadisələr ətrafında danışmağa başladıq. Ölkədə ilk yaradılan "CampAct Klub"un yaranma tarixçəsini təşkilatçılardan soruşduq. Kampın üç yaradıcısından biri olan Xəyal Məmmədxanlı bizə bu haqda kiçik məlumat verərək bildirdi ki, hələ uşaqlıqdan həvəskar olaraq kempinq abı-havasını yaşayıb: "Mən özüm 1 yaşından nənəmlə birgə yaylaqlarda, alaçıqlarda çox qalmışam. Bir neçə il öncə özəl olaraq bir şirkət üçün təşkil edilən və çadırlarda qalma şəraiti təmin edilən tədbirdən sonra məndə belə bir fikir formalaşdı ki, əslində bu, çoxlarının ürəyincə olar. Standart hotel həyatı əksər insanları bezdirir, bizim kimi bir çoxları açıq səma altında, təbiətin qoynunda, təmiz havanı tənəffüs edərək öz əyləncələrini təmin etmək arzusundadırlar. Beləliklə də “CampAct Klub” yarandı"
Məni maraqlandıran suallardan biri də insanların belə istirahətə maraqlarının nə dərəcədə olması idi. Başqa insanların da bizim kimi belə istirahət növünə müraciət edib-etməməsi sualını Xəyal Məmmədxanlıya ünvanladım. Təşkilatçı bildirdi ki, sahə yeni olduğundan, hazırda daha çox tanıtım və maarifləndirmə işləri ilə məşğuldular: "Daha əvvəllər belə bir təcrübəsi olan insanlar dərhal bizə qoşulurlar. Lakin, əhalinin elə təbəqəsi var ki, bir az ehtiyatlı davranırlar. Üşüməkdən qorxanlar, açıq havada yatmaqdan ehtiyat edənlər, otel rahatlığına üstünlük verənlər, ekstremal şəraitə hazır olmayanlar bir az tərəddüd edirlər. Ancaq bütün bunlar çox az müddətli stereotiplərdir, bunlar da aşılacaq. Maraq isə olduqca yüksəkdir. Bu günə qədər bizimlə tanış olanlardan neqativ reaksiya görməmişik".
Təbii ki, insanların çoxunu maddi tərəf maraqlandırdığından, təşkilatçılardan qiymətləri də soruşdum. Onlar bildirdilər ki, hər cür istəyə və büdcəyə görə paketləri var: "Əgər sizə yalnız düşərgə ərazisində yaşamaq lazımdırsa, bütün yaşam avadanlıqları daxil olmaqla, bu xidmətlərimizdən 15 manata istifadə edə bilərsiniz. Belə olan halda özünüzlə yemək də gətirə, ya da gətirdiyiniz ərzağı bizim düşərgə ərazisində bişirə də bilərsiniz. Əlavə olaraq, səhər yeməyi daxil edilən 25 manatlıq, 3 dəfə yemək daxil edilən 40 manatlıq paketlərimizdən də istifadə etmək mümkündür".
Bir sözlə, təbiəti sevənlər və vəhşi təbiəti daha yaxından duymaq istəyənlər, eyni zamanda büdcəsinə qənaət etmək istəyənlər belə istirahətə üz tuta bilər.