BAKI, 13 apr — Sputnik. Paytaxtın Səbail rayon Şıx qəsəbəsində, istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib. Məlumata görə, hadisə yerində 6 nəfər olub. 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb, 2 nəfər isə hadisə yerində dünyasını dəyişib.
Bu gün Sputnik Azərbaycan-ın əməkdaşı hadisə yerində olub. Qeyd edək ki, hal-hazırda ərazidə təmizləmə işləri aparılır. Yaxın ərazilərdə yaşayan sakinlərin sözlərinə görə, həmin istirahət mərkəzində uzun illərdir ki, tikinti işləri davam edir və bitmək bilmir. Sakinlər hesab edir ki, hadisə bəlkə də, tikinti işlərinin uzanması və ərazidə tez-tez işçilərin dəyişdirilməsi ilə əlaqdar baş verib. Hadisə baş verən ərazinin yaxınlığında yaşayan Ramil Qəmbərov bildirir ki, burada tikinti işləri 5-6 ildir davam edir.
"Təbii ki, tikinti uzandıqca, işçilər tez-tez dəyişir. Yəni tikinti qaydalarının pozulması halının baş verməsi mümkündür. Hər halda olan ölənə oldu" — deyə Qəmbərov bildirir.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının (VƏHML) sədri Sahib Məmmədovun sözlərinə görə, istehsalatda bədbəxt hadisə və yaxud peşə xəstəlikləri baş verirsə, buna görə işəgötürən tam maddi məsuliyyət daşıyır: "2011-ci ildən sonra "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun qəbul olunub. Həmin qanuna görə, işəgötürənlər öz məsuliyyətlərini sığortalamalıdırlar. Yəni istehsalatda bədbəxt hadisə baş verəndə, peşə xəstəliyi yarananda, işçi əmək-peşə xəsarəti alanda və bu, uzun müddətli olduqda onun itirdiyi əmək qabiliyyətinə görə ona ödənişlər olmalıdır. Bu ödənişlər, aylıq, birdəfəlik və müalicəvi xarakterli ola bilər".
S.Məmmədovun sözlərinə görə, həmin qanunda qeyd olunub ki, istehsalatda ölüm hadisəsi baş veribsə, həmin şəxsin 18 yaşına çatmamış övladları varsa və yaxud 18 yaşına çatıb təhsil alırlarsa, bu zaman təhsil bitənə qədər kompensasiya verilir. Kompensasiya orta aylıq əmək haqqının 100 faizi mislində olmalıdır. Bundan əlavə, dəfn üçün və s. əlavə xərclər verilməlidir. Əgər dünyasını dəyişənin həyat yoldaşının əlilliyi varsa, işləyə bilmirsə, o şəxsə pensiya yaşına qədər kompensasiya verilir.
Ekspertin fikrincə, problem ondadır ki, Azərbaycanda işləyənlərin heç 20 faizinin belə sığortası yoxdur: "Əgər əmək müqaviləsi, mülki-hüquqi müqavilə yoxdursa, heç bir sığorta şirkəti həmin şəxsi sığortalamayacaq. Ölkədə qeyri-formal əmək bazarı xüsusən tikinti sektorunda yüksək səviyyədədir. Mən bilmirəm ki, indi o tikintidə ölənlərlə əmək müqaviləsi və onların sığortası var, yoxsa yox".
Müsahibimiz bildirir ki, istehsalatda baş verən qəzaların, ölüm hallarının əksəriyyətini araşdıran zaman həmin şəxslərin müqaviləsinin olmadığı üzə çıxır.
"Əgər ölən və ya yaralanan işçinin sığortası yoxdursa, deməli, baş verən hadisənin sığorta şirkətinə aidiyyatı yoxdur. Bu zaman bütün məsuliyyət işəgötürənin üzərinə düşür" — deyən ekspertin sözlərinə görə, həmin şəxsin orada işlədiyi faktiki sübut olunarsa, ona dəyən zərər özünə, özü həlak olubsa, ailə üzvlərinə verilməlidir. İkili mühasibatlıq zamanı (əmək müqaviləsində əmək haqqı az, veriləndə isə yazılandan çox verilir) rəsmi müqavilədə göstərilən məbləğ ödənilməlidir:
"Məsələn, faktiki olaraq işçiyə rəsmi əməkhaqqı kimi 150 manat yazılır. Amma işçi 1000 manat əmək haqqı alır. Hər hansı bir qəza zamanı bütün hesablar 150 manatla hesablanır. Müqavilə yoxdursa, şəxs məhkəməyə müraciət etməlidir. Məhkəmədə işçi 3 faktı sübut etməlidir. Birinci sübut etməlidir ki, həmin yerdə işləyib. İkinci sübut etməlidir ki, həmin zədəni evdə deyil, iş yerində alıb. Üçüncü isə nə qədər əmək haqqı aldığını sübut etməlidir. Məhkəmədə isə bunların 3-nü də sübut etmək çox çətindir".
Dünən Şıxov ərazisində baş verən qəzaya gəldikdə isə ekspert bildirib ki, hadisədə həlak olanların və zədə alanların əmək müqaviləsi və sığortası varsa, ailələri və özləri kompensasiya ala biləcək. Əks halda məsələ məhkəmə səviyyəsində həll olunmalıdır.
"Tikinti normalarının pozulması ilə bağlı inzibati və cinayət məsuliyyəti var. Bu məsələ ilə bağlı tədqiqat aparılmalıdır" — deyə S.Məmmədov əlavə edib.