CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İçərisində yaşamadığımız mənzilə görə kommunal haqq ödəməliyikmi?

© Sputnik / Fuad HasanovÇoxmərtəbəli yaşayış evləri
Çoxmərtəbəli yaşayış evləri - Sputnik Azərbaycan
Abunə olmaq
Mənzil Məcəlləsinin 135-ci maddəsində qeyd olunur ki, kommunal xidmətlərə görə haqq vaxtında və tam məbləğdə ödənilməlidir

BAKI, 5 may — Sputnik. Yeni tikilən mənzilin satışı zamanı mənzil mülkiyyətçiləri ilə tikinti şirkətləri arasında müxtəlif müqavilələr bağlanılır. Mülkiyyətçilər çox zaman bu müqavilələri diqqətlə oxumadan və ya ümumiyyətlə oxumadan imzalayır və sonradan müəyyən problemlərlə üzləşirlər.

Bildiriş gətirən şəxs - Sputnik Azərbaycan
CƏMİYYƏT
Mənzillərə paylanan bildirişlər ciddi çaşqınlıq yaradıb

Sputnik Azərbaycan-a müraciət edən Elçin Əhmədov adlı vətəndaş bildirir ki, 7 aydan çoxdur aldığı evdə qalmamasına baxmayaraq, ərazi üzrə MİS ondan kommunal haqq tələb edir: "Yeni tikili binadan mənzil almışam. Ötən ilin sonundan o evdə qalmıram. Amma bir neçə gün öncə telefonuma MİS-dən zəng gəldi və bildirildi ki, uzun müddətdir, kommunal haqqı ödəmirəm, xeyli borc yığılıb qalıb".

"Mən hazırda o evdə yaşamadığımı bildirsəm də, MİS-dən qeyd etdilər ki, ev alan zaman bağladığımız müqavilədə kommunal haqlarla bağlı maddə var və mən buna könüllü şəkildə razı olmuşam" — deyən Əhmədov iddia edir ki, hazırda onda tikinti haqqında müqavilə var və bu müqavilədə həmin maddə qeyd edilməyib.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən hüquqşünas Asif Abdullayevin sözlərinə görə, mülkiyyət sahibi evi təhvil adlığı gündən bütün xərclərini ödəməlidir və bu məsələ Mənzil Məcəlləsində öz əksini tapıb. O, bu məsələnin Mənzil Məcəlləsinin 135-ci maddəsində qeyd olunduğuna diqqət çəkib.

"Belə ki, maddənin müəyyən bəndlərində qeyd olunur ki, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan, mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir" — hüquqşünas bildirib.

"Həmçinin 135-ci maddədə qeyd olunur ki, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar" – deyə Abdullayev əlavə edib.

Xəbər lenti
0