BAKI, 4 may — Sputnik. Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının idman məkanlarına media turlar təşkil olunur. Bu gün tur çərçivəsində media nümayəndələri Milli Gimnastika Arenasında yarışa son hazırlıqlarla tanış olublar.
Gimnastika Arenasının direktor müavini Nərminə Quliyeva yarışa hazırlıq haqqında geniş məlumat verərək jurnalistləri arena ilə tanış edib.
O bildirib ki, milli yığmamızın idmançıları burada qalır: "5 mərtəbədən ibarən Gimnastika Arenasında gimnastlar üçün hər bir şərait yaradılıb. İdmançılar gün ərzində çox vaxtlarını məşqə sərf etdikləri üçün Gimnastika Arenasında onlar üçün ayrılmış otaqlarda qalırlar. Burada 23 otaqda idmançılar 2-3-4 nəfər olaraq qalırlar. Burada eyni zamanda idmançıların paltarlarını yumaq üçün camaşırxana, uşaqların düzgün qidalanması üçün yeməkxana, dərs otaqları mövcuddur".
"Uşaqlar məşqlərin çoxluğundan məşq bazasını tərk edə bilmirlər. Ona görə Gimnastika Federasiyası rəhbərliyinin Təhsil Nazirliyi ilə danışıqları nəticəsində həftə içi saat 13:00-16:00 arası idmançılar üçün dərslər keçirilir. 200 idmançı burada qalaraq məşq edir və təhsil alırlar" — deyə Nərmin Quliyeva əlavə edib.
Binada eyni zamanda jurnalistlər üçün media mərkəzi var. Burada jurnalistlər həm foto və video çəkilişi edə bilər, eyni zamanda reportajlarını yazmaq üçün media otaqlarından istifadə edə bilərlər. Bununla yanaşı binada həkim otağı da var ki, yarışlar və ya məşq zamanı idmançılar zədələnərsə, onlara ilkin yardım göstərilir.
Direktor müavini onu da əlavə edib ki, dünyanın heç bir yerində gimnastika üçün ayrılmış belə bir arena yoxdur: "Gimnastika arenasının hələ ki heç bir ölkədə oxşarı yoxdur. Hətta şəraitimiz yaxşı olduğu üçün buraya dünyanın bir çox ölkələrindən milli komandalar təlim məşq toplanışları üçün tez-tez gəlirlər".