BAKI, 3 may — Sputnik. İnsanlar dincəlmək, gündəlik həyatda yaşadıqları stressi atmaq üçün əyləncə məkanlarına üz tuturlar. Bəzi əyləncə məkanları ancaq uşaqlar üçün nəzərdə tutulsa da, elələri də var ki, böyüklərə də xidmət edir. Bəziləri belə yerlərdə ancaq yelləncəklərdə yellənməklə kifayətlənsə də, digərləri daha adrenalinli əyləncə axtarır. Məsələn, "Vahimə otağı"nda qorxulu dəqiqələr yaşamaq kimi.
Amma bəzən belə məkanlarda, xüsusilə "Vahimə otağı"nda ("Qorxu otağı") gördüyümüz və yaşadığımız stress bizim səhhətimizdə ciddi problemlər yarada bilir. Belə ki, qorxu otaqlarında onları gözləyən "sürprizlərə" hazır olmayan insanlar panikaya düşür və hətta qorxudan huşunu itirənlər də olur. Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan mütəxəssislər də belə əyləncələrin heç də hər zaman zərərsiz olmadığını təsdiq edirlər.
Psixoloq Fərqanə Mehmanqızı bildirib ki, hər bir şəxsə həyatının müəyyən dövründə hansısa adrenalin tələb olunur: "İnsanlar adrenalinə ehtiyaclarını müxtəlif yollarla ödəyə bilərlər. Qorxu otaqları və yelləncəklərdən alınan adrenalinə gəlincə, hər kəs bu stressə nə qədər hazır olduğuna özü öncədən qərar verməlidir. Məsələn, ürək xəstələri, psixoloji problemləri olan insanlara belə məkanlara getmək olmaz. Burada insanda yaranan qorxu nəinki səhhətində problemlər yaradır, eyni zamanda psixoloji problemlərə də yol açır".
"Belə stressli məkanlardan adrenalin alan insanlar da az deyil. Bir sözlə, belə məkanlara getməyə heç kimi məcbur etmirlər. Hər kəsin öz seçimidir. Sadəcə, seçim edən zaman insan özünün bu stressə hazır olub-olmadığını bilməlidir" – deyə Mehmanqızı əlavə edib.
Psixoloq deyib ki, indiyə kimi ona müraciət edənlərin arasında yas mərasimində, dəfn mərasimlərində psixoloji sarsıntı keçirənlər də olub: "Kişilər daha çox dəfn mərasimlərində, qadınlar isə yas mərasimlərində psixoloji sarsıntı çox keçirirlər. Amma əyləncə mərkəzlərində yaranan psixoloji problemlə bağlı bizə müraciət edən olmayıb".
"Ümumiyyətlə, "Təşviş pozğunluğu" ("Panic attack" – "Panik atak" – red.) xəstəliyi və müxtəlif fobiyası olan insanlara belə məkanlara getmək məsləhət deyil. Onlar mütləq müalicə alaraq bu problemdən qurtulmalıdırlar ki, daha sonra istədikləri məkanlara rahat gedə bilsinlər" — deyə psixoloq qeyd edib.
Həkim Adil Qeybulla isə Sputnik Azərbaycan-a açıqlaması zamanı söyləyib ki, belə əyləncəli proqramlar müəyyən qrup insanlar üçün nəzərdə tutulub: "Fobiyaları olan, sinir sistemləri yerində olmayan, qorxaq, həssas insanların belə məkanlara getməsi məsləhət deyil. Bu zaman onlarda bir çox xəstəliklər yarana bilər. Şəkərli diabet, ürək çatışmazlığı, psixi travma ala bilərlər, sinir xəstəliyinə yoluxa bilərlər. Əgər insan qorxursa, həmin məkana getməyə məcbur deyil".
A. Qeybulla əlavə edib ki, qəfil stresslə bağlı onlara müraciət edənlər çox olub və belə şəxslər ciddi problemlərlə qarşılaşıblar.
Uşaq psixoloqu Aynur Bünyadova bildirib ki, valideynlər uşaqlarını belə məkanlardan uzaq tutmalıdır: "Belə məkanlar uşaqların psixoloji hallarına çox pis təsir göstərə bilər".
Psixoloq onu da qeyd edib ki, iş praktikasında 2-3-cü sinif şagirdlərinin məktəbdə erməni vəhşiliklərini təsvir edən şəkil və videolara baxaraq psixoloji travma alması halları ilə də rastlaşıb: "Belə uşaqlar mərkəzimizə tez-tez müraciət edir. Kiçik məktəbli uşaqları, məktəbə qədər uşaqları belə yerlərə aparmaq doğru deyil. Sonradan uşaqlarda stress yaradır. Belə uşaqları açıq havaya, təbiətə apararaq onlara gözəl mənzərəli məkanlara göstərmək lazımdır. İnsan formalaşana kimi belə məkanlardan uzaq tutulmalıdır".