BAKI, 14 apr – Sputnik. Ümumdünya İqtisadi Forumu (ÜİF) ən təhlükəsiz ölkələrin reytinqini açıqlayıb.
136 ölkənin yer aldığı cədvələ Finlandiya rəhbərlik edir. Finlandiya ötən il də dünyanın ən təhlükəsiz ölkəsi hesab olunmuşdu. Sözügedən cədvəldəki ikinci yeri ekspertlər Birləşmiş Ərəb Əmirliklərinə veriblər. İlk üçlük İslandiya ilə başa çatır.
Maraqlıdır ki, Böyük Britaniya bu siyahıda top-50-yə düşməyib. Britaniya mediası narahatlıqla bildirib ki, Krallıq Səudiyyə Ərəbistanı və Ruanda kimi ölkələrdən də sonrakı yerdə — 63-də qərarlaşıb. Həmin cədvəldə 109-cu yeri Rusiya tutur.
Dünyanın ən təhlükəli ölkələri isə Kolumbiya (136), Yəmən (135) və Salvadordur (134).
ÜİF-in ən təhlükəli ölkələr siyahısında Ukrayna 10-cu yerdədir.
Burada təhlükəli ölkələr onluğunu dördüncü yerdə Pakistan, beşinci yerdə Nigeriya, daha sonra ardıcıl olaraq Venesuela, Misir, Keniya və Honduras tamamlayır.
Reytinq cədvəli müxtəlif faktorlar nəzərə alınmaqla tərtib edilib. Burada başda silahlı münaqişələr, cinayətkarlığın dərəcəsi, terror təhlükəsi, hüquq-mühafizə orqanlarının vətəndaşları qorumaq qabiliyyəti olmaqla bir sıra amillər nəzərə alınıb.
2016-cl ilin noyabrında International SOS and Control Risks şirkətləri 2017-ci ildə turistlər üçün ən təhlükəli olacaq ölkələri proqnozlaşdırmışdı. Həmin siyahıdakı təhlükəli ölkələr Somali, Suriya, Yəmən və Cənubi Sudandır.