BAKI, 3 may — Sputnik. "Adamlar nə deyər?" Təəssüf ki, bu sual indiyə qədər də cəmiyyətimizin gündəlik həyatına hökm etməkdədir. Yalnız ən çarəsizlər hər şeyi taleyin ümidinə buraxırlar. Cəmiyyətin nəzərlərinin və stereotiplərin qurbanları ən çox bir-birilərini sevən gənclər olurlar. Eynilə Binəqədi rayonunda baş verən hadisənin qəhrəmanları kimi.
Sözügedən rayonda bıçaqlanma hadisəsi baş verib və nəticədə gənc qadın ziyan çəkib. Kliniki Tibbi Mərkəzə, 1985-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Məmmədova Samirə Rafiq qızı bıçaq yaraları ilə gətirilib. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.
Pasientin vəziyyəti ağır olduğundan, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə baş verən gün onu dindirə bilməyiblər. Bununla belə, istintaq şübhəli şəxsin izinə düşüb. Məlum olub ki, Məmmədovaya bıçaq zərbələrini Ağdam rayon sakini, 1993-cü il təvəllüdlü Hacıyev Turxan Hacı oğlu vurub.
Cinayət bazar ertəsi, saat 21:15 radələrində "Azadlıq" metrostansiyasının yanında, Axundov küçəsindəki parkda baş verib. Mayın 2-də keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıyev saxlanılıb.
İstintaq zamanı məlum olub ki, gənclər arasındakı insident Azərbaycan cəmiyyətindəki stereotiplər sayəsində baş verib. Gənc oğlan bildirib ki, Məmmədovanı çox sevir və onunla evlənmək istəyir. Baxmayaraq ki, onun himayəsində əvvəlki nikahdan 6 yaşlı oğlu var.
Lakin Məmmədova bildirib ki, anası bu nikaha qarşıdır. Ana qərar qəbul edərkən qızının da Hacıyevi sevdiyini nəzərə almayıb. Bu fikir ayrılıqları səbəbindən gənclər arasında münaqişə yaranıb.
Saxlanılan şəxs sevgilisinə bıçaq zərbəsi vurduqdan sonra hadisə yerindən qaçaraq gizlənib. Artıq qız özünə gəlib. Təhqiqatçı ilə söhbət zamanı Məmmədova bildirib ki, Hacıyevdən polisə şikayət etmək niyyətində deyil.