BAKI, 1 may — Sputnik. İstisnalar nəzərə alınmasa, bir çox yerlərdə iş günü səhər saat 09:00-da başlayır və axşam saat 18:00-da başa çatır. İş həftəsi də 5 gün davam edir. Dövlət və özəl sektorda xidmət göstərən idarələrin çoxu da elə bu günlər ərzində fəaliyyət göstərir, şənbə və bazar günü işləmirlər. Yəni, insanlar bu idarələrlə bağlı olan işlərini ancaq iş həftəsinin iş saatlarında həll etməlidirlər.
Əgər, işlədiyiniz müəssisənin müdiri insaflıdırsa və sizə şəxsi problemlərinizi yoluna qoymaq üçün əlavə vaxt tanıyırsa, bəxtinizin gətirdiyini düşünə və rahat yaşaya bilərsiniz. Amma etiraf edək ki, heç də bütün rəhbərlər insaflı deyillər və işçilərinin iş yerini tərk etməsinə icazə vermirlər. Xidmət idarələri isə şənbə və bazar günləri işləmədiklərini bildirərək, "həftə içi saat 9-dan 18-ə kimi idarəyə yaxınlaş" cavabını verirlər. Bu da insanlar üçün ciddi problemlər yaradır, haqlı narazılığa səbəb olur. Bəs yaranmış "pat" vəziyyətindən çıxış yolu necə ola bilər?
Hüquqşünas Hafiz Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu məsələnin həlli üçün əmək məcəlləsində kiçik dəyişikliklər edilməlidir: "Əmək məcəlləsinə müəyyən stimul yaradan normalar əlavə etmək lazımdır. Vətəndaşların daha çox müraciət etdiyi dövlət və özəl xidmətlər üzrə bu yöndə dəyişikliklər edilməlidir. Stimulverici üsullara əl atılmalıdır ki, işçilər şənbə və bazar günləri də işləməkdə maraqlı olsunlar. Eyni zamanda, həftə içi xidmət sektorlarında iş saatlarının növbəlilik prinsipi ilə axşam saat 20:00-a kimi olmasını da təklif etmək olar. Bu da vətəndaşların iş vaxtı bitdikdən sonra idarəyə müraciət edərək problemlərini həll etməsinə kömək edə bilər ".
"Variantlar çoxdur. Sadəcə bu məsələ gündəmə gətirilməlidir. Dəyişiklik aparılması ilə bağlı məsələ həllini taparsa, bu zaman müxtəlif əlverişli iş qrafikləri reallaşdırıla bilər" – ekspert söyləyib.
İqtisadçı-ekspert Natiq Cəfərli isə qeyd edib ki, bu məsələdə özəl sektorda çalışanlarla dövlət sektorunda çalışanları ayırmaq lazımdır: "Çünki özəl sektorda çalışanlara iş qrafikini diktə etmək doğru deyil. Özəl sektor öz gəlirini hesablayır və gəlirlik səviyyəsinə görə iş saatlarını və iş qrafikini təyin edir. Ona görə də, buna inzibati yolla müdaxilə edilə bilməz".
"Dövlət sektorunda isə müəyyən işlərin həllində "ASAN" xidmətin rolu böyük oldu. Bir çox dövlət idarələri bazar günləri də burada fəaliyyət göstərir. Amma bəzi vətəndaşlar şənbə günləri də işlədikləri üçün yenə də problemlərini həll edə bilmirlər" — mütəxəssis bildirib.
O, Əmək Məcəlləsinə görə, Azərbaycanda 40 saatlıq iş rejiminin tətbiq olunduğunu qeyd edib: "Bunu pozmaq qanunla qadağandır. Amma dövlət idarələri və özəl sektorda işləyənlər növbəlilik rejimi ilə işləyə bilərlər. Eyni zamanda, bir çox xidmət sektoru onlayn rejimə keçə bilər. Məsələn, Estoniyada bütün xidmət sektorları onlayn rejimə keçib. Orada vətəndaşlar bir çox məsələləri internet üzərindən həll edirlər. Hətta mobil yükləmələr üzərindən proqramlar vasitəsilə vətəndaşlara xidmət edirlər. Bu, daha az vəsait tələb edən daha asan xidmətdir".
"Azərbaycanda isə hələ də bir çox orqanlar vətəndaşla üzbəüz görüşməyi üstün tutur. Çünki onlar öz maraqlarını təmin etmək üçün belə edirlər. Amma bizdə də onlayn xidmətlər təşkil etməklə daha rahat və vətəndaşlar üçün əlverişli sistem qurmaq mümkündür" – deyə ekspert bildirib.
Natiq Cəfərli onu da əlavə edib ki, Nazirlər Kabineti müvafiq qurumlara daxili qərarı ilə iş qrafiki ilə bağlı göstərişlər verə bilər: "Bunun üçün heç bir qanunda dəyişiklik edilməsinə gərək yoxdur. Amma düşünürəm ki, ən düzgün variant onlayn rejimə keçməkdir".
Millət vəkili Musa Quliyevin sözlərinə görə isə, bu məsələni növbəlilik qaydasında işləməklə həll etmək olar: "Bu problemi həll etmək üçün növbəli iş rejimi yaratmaq olar. Artıq bir çox sektorlar şənbə və bazar günləri də növbəlilik qaydasında işləyir".
"Amma bir məsələni unutmayaq ki, həmin sektorlarda işləyən insanların da istirahət hüququ var. Onları bu hüquqdan məhrum etmək olmaz" — deputat vurğulayıb.
Millət vəkili qeyd edib ki, belə şikayətlər kütləvi hal alarsa, o zaman Nazirlər Kabinetinə və ya Milli Məclisə müraciət olunmalıdır: "Bu zaman həmin problemlərə baxıla bilər".