BAKI, 24 aprel — Sputnik. Telefonuma bankdan SMS gəlib: "Son üç gün ərzində kreditinizi ödəməsəniz, üzərinə faiz gələcək".
Evdən xanım zəng edir: "Uşağı bağçaya yazdıra bilmək üçün yaşadığımız ərazi üzrə MKİS-dən arayış almaq lazımdır".
Uzun zamandan bu yana binamızın su xətlərində ciddi texniki nasazlıq yaranıb. Qonşular deyirlər ki: "Qaynar xətt"dən bir mədət hasil olmur. Yığışaq, gedək "Azərsu"da dərdimizi anladaq".
Və son 10 gündür gözlərimin ağrısından yata bilmirəm, görməm də zəifləyib. Normal bir xəstəxanada həkim müayinəsindən keçməsəm, görmə qabiliyyətimi tamamilə itirmək təhlükəsi ilə üz-üzəyəm.
Bütün bunları niyə sadalayıram? Mənim şəxsi problemlərimdən oxucuya nə? Kimsə gəlib, mənim yerimə mənim sıxıntılarımı həll edəsi deyil. Canım çıxsın, öz işlərimi özüm görüm! Görüm də…
Həftənin 5 günü ərzində müdir ayağımı kabinetdən bir şərtlə kənara atmağıma izn verir – təbii ehtiyacımı ödəmək üçün. Onu da saat 13.00-14.00 arasına salmağım tövsiyə olunur ki, bütün təbii ehtiyacları biryolluq həll edim, iş prosesindən zaman oğurlamayım.
Nə deyə bilərəm?! Adam rəhbərlik etdiyi qurumda daxili qayda-qanuna əməl olunmasına nəzarət edir və qarşılığında mənə əmək haqqı ödəyir. Üstəlik haqlı olaraq diqqətimə çatdırır ki, "Qarşında o boyda şənbə-bazar var, nə dərdin-azarın varsa, həmin günlərdə həll et". İnsafən, həftəsonu günlərimə qarışmır, azadam.
İndi gəl, bankdakı kuratoruma telefonda izah et ki, "Mən sizin krediti qaytarmaqdan imtina etmirəm, sadəcə vaxt problemim var, 7 gün axşam saat 18.00-dan sonra, şənbə-bazar isə 24 saat qulluğunuzdayam".
Ya da bağça müdirinə anlatmağa çalış ki, "MKİS-in iş qrafiki həftənin 5 günü 09.00-18.00 aralığını əhatə edir, xanımla ikimizin də işdən məhəlləyə gəlib çatmağımız 19.00-dan tez mümkün olmur".
Bir neçə işsiz qonşumun "Noooldu e, indi sən bizimlə su idarəsinə getmək üçün 2 saat vaxt tapa bilmirsən? Yoxsa özünü əziyyətə vermək istəmirsən" kimi kinayəli suallarının qarşısında pörtmək də xoş hal deyil.
Ayrıca, onlara gözlərimdə problem olması, şənbə-bazar çalışan xəstəxana, klinika (xüsusilə normal həkim) tapa bilmədiyim haqda dəfələrlə izahat versəm də, faydasız olduğunu üzlərinin mimikasından anlamışam. Lap inansalar belə, haqsız da deyillər, hamımız əlimizi daşın altına qoyub ümumi dərdimizə çarə tapmalıyıq (təbii ki, bu məmləkətdə ağlamayana kökə verilmir).
Beləliklə, mən hamımızın – müdirimin, xanımımın, qonşuların, qohumların və bu bəladan əziyyət çəkən bütün əhalinin adından lazımi ünvanlara 5 sualı ərz edirəm:
1) Xidmət sektoru hansı səbəbdən gün (hətta saat) məhdudiyyəti üzrə fəaliyyət göstərir?
2) "Azərsu", "Azərişıq", "Azəriqaz", "Bakıistiliktəchizat" və sair kimi qurumların, həftənin 2 günü qapılarını əhalinin üzünə bağlamağa nə haqqı var?
3) Xəstəxana, bank, "JEK", poçt, ATS kimi xidmət müəssisələrinin, 168 saatlıq həftənin cəmi 45 saatı ərzində çalışması hansı məntiqin məhsuludur?
4) Vətəndaşın 7/24 ehtiyacı olduğu dövlət və qeyri-dövlət qurumlarının növbətçilik qrafiki ilə fəaliyyətini təşkil etməyə nə mane olur?
5) Nəhayət, cari sıxıntıların həlli məqsədilə, müdirin gözündən yayındığıma görə işdən qovulsam, mənim haqqımın bərpa ediləcəyinə dair zəmanət verirsiniz – ümumiyyətlə ölkədə belə bir təcrübə var?
Hər şey xidmətdən başlayır, əfəndilər. Alayarımçıq xidmət qarşılığında, vətəndaşdan tam sevgi-sayğı gözləmək uzun zamanınızı alar. Çox yox, azacıq zəhmət və məsrəf çəkin, bu camaat o qədər də qədirbilməz deyil, əvəzini mütləq ödəyəcək…