BAKI, 2 may — Sputnik. "Bu ilin birinci rübündə ölkə üzrə 31 bədbəxt hadisə baş verib. Bunun çoxu tikinti sektorunun payına düşür. İki fakt qrup halında baş verən hadisələrdir. Bu hadisələr zamanı 10 nəfər həyatını itirib".
Bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, 28 aprel əməyin mühafizəsi günüdür: "Əmək Müfəttişliyinin apardığı yoxlamalar il yarımdan çoxdur dayandırılıb. Son dövrlərdə işəgötürənlər nəzarət sistemini nəzərə almır. Nəticədə, ölənlərin sayı artıb. Mühafizə vasitələrindən istifadə halları azalıb".
"Qanun işəgötürənləri məcbur edir ki, onlar işçilərin təhlükəsizliyi üçün bu vasitələrdən istifadə etsinlər, işçiləri əmək təhlükəsizliyi qaydaları ilə tanış etsinlər, gündəlik olaraq onlara bu barədə məlumat versinlər. Təəssüf ki, bunlar edilimir" — nazir bildirib.
Müslümovun sözlərinə görə, bunun bir səbəbi də ölkədə Əməyin Təhlükəsizliyi Fondunun yaradılmasının nəzərdə tutulmasına baxmayaraq, bu orqanın yaradılmamasıdır: "Hazırda bunun üzərində iş gedir. Hesab edirəm ki, yaxın vaxtlarda əməyin istehsalatda baş verən bədbəxt hadisələrdən məcburi sığortalanması hesabına Əməyin Təhlükəsizliyi Fondunun formalaşması məsələsi öz əksini tapacaq".
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, işəgötürənlərin məsuliyyətinin maarifləndirmə yolu ilə artırılmasının mühüm olduğunu deyib: "İşçinin qorunması, əmək fəaliyyətinin mühafizə olunması əksər hallarda işəgötürənlərin öhdəlikləri çərçivəsində həllini tapır. Bu baxımdan da Əməyin Təhlükəsizliyi Fondunun yaradılması, yəni bu istiqamətdə sığorta sisteminin təkmilləşdirilməsi əhəmiyyətlidir".
Mütəxəssisin sözlərinə görə, istehsalat prosesinin tam olaraq bu kimi mənfi hallardan təmizlənməsi mümkün deyil: "Bədbəxt hadisə baş verdikdə, zərərçəkənin ailəsi və yaxud da özü ən azından sosial baxımdan təmin edilməlidir. Bu məsələ növbəti dövrlərdə Azərbaycanın əmək bazarının inkişaf etdirilməsi üçün, bu istiqamətdə daha mütərəqqi şərtlər daxilində əmək fəaliyyətinin təşkili üçün lazım olan addımlardan biridir".
Sığorta ilə bağlı məsələlərə gəlincə, Həsənov deyib ki, Azərbaycanda bəzən xüsusilə riskli sahələrdə sığortaya marağın aşağı olması, eyni zamanda, bu istiqamətdə təşəbbüskarlığın olmaması hiss olunur: "Sığorta hadisəsi baş verdikdə xərclər daha yüksək olur. Sahibkarlar, işəgötürənlər bu istiqamətdə maraqlı görünmürlər. Sığorta fəaliyyətləri daha çox təhlükəsiz, riskli olmayan zonalarda tətbiq edilir. Bəzi ölkələrdə sığorta haqqını işçi ilə işəgötürən arasında paylaşdırırlar. Amma əksər ölkələrdə sığorta haqqı işəgötürən tərəfindən ödənilir".
Ekspertin sözlərinə görə, əsas məsələ odur ki, istehsalatda bu kimi qəzalar baş verməsin və insanlar əmək qabiliyyətini və yaxud həyatını itirməsinlər: "Bununla mübarizənin sərtləşdirilməsinə ehtiyac var. Əvvəlki dövrlərlə müqayisədə hazırda bu istiqamətdə müəyyən irəliləyişlər hiss olunur. Amma hələ də, xüsusilə istehsalat sahəsində, tikinti, kənd təsərrüfatı sahələrində əmək bazarı müasir standartların tələblərinə uyğun qurulmayıb. Eyni zamanda, işəgötürənlərin məsuliyyətinə çox aşağı səviyyədə nəzarət edilir. Nəticədə, bədbəxt hadisələr baş verir".
"Paralel olaraq, bir neçə istiqamətdə həm əməkçilərin, həm işəgötürənlərin maarifləndirilməsi, hüquqi bazanın təkmilləşdirilməsi, nəzarət mexanizminin sərtləşdirilməsi, həm də davamlı monitorinqlərin keçirilməsi, treninqlərin təşkili yolu ilə bazarın müəyyən qədər daha müasir standartlara uyğunlaşdırılması lazımdır" — R. Həsənov vurğulayıb.
"Digər mühüm məqam odur ki, Azərbaycanın əmək bazarının böyük bir qismi illeqaldır. Yəni, əmək bazarı heç bir qeydiyyatı, əmək müqaviləsi, sığortası olmadan fəaliyyət göstərən insanlarla doludur. Belə bir şəraitdə də əmək bazarının böyük bir qismi hətta qanunvericiliyin belə, tələb etdiyi müəyyən avantajlardan istifadə edə bilməyən işçilərdən ibarətdir. Biz gələcəkdə bu istiqamətdə problemlərin azalmasını istəyiriksə, ilk növbədə gücü illeqal əmək bazarı ilə mübarizəyə yönəltməliyik" — o, əlavə edib.
Ekspert bildirib ki, sahibkarlıq subyektləri yoxlamaların 2 il müddətinə dayandırılmasından sui-istifadə etməyə cəhd göstərməməlidirlər: "Elə davranış ortaya qoymalıdırlar ki, gələcəkdə bu yoxlamaların dayandırılmasının müddəti yenə də artırılsın. Amma onu da qeyd edək ki, Əmək Müfəttişliyi sərt formada fəaliyyət göstərən zamanda da istehsalat qəzaları, tikintidə ölüm hadisələri baş verib".
İqtisadçının fikrincə, bu gün əmək bazarında vəziyyət o qədər də acınacaqlı deyil: "Bu gün əmək bazarının müəyyən qədər leqallaşması prosesi gedir".
Azərbaycan Dövlət İqtisad Universitetinin "Sosial sferanın iqtisadiyyatı və idarə olunması" kafedrasının müdiri, professor Əli Əlirzayev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, əməyin istehsalatda baş verən bədbəxt hadisələrdən məcburi sığortalanması lazımdır: "Bu da həyat sığortasının bir növüdür. Bədbəxt hadisələr nəticəsində dəymiş ziyanı ödəmək üçün sığorta fondu yaranır. Müəssisə öz işçilərinin həyatını sığortalamaq üçün istər məcburi, istərsə də könüllü qaydada vəsait köçürməlidir. Biz yavaş-yavaş dünya standartlarına yaxınlaşırıq. Hər şeyin arxasında sığortalama prosesi dayanır. Yəni, mühafizəkar iqtisadiyyat".
Onun sözlərinə görə, bu fondun yaradılması o deməkdir ki, müəssisələrin, işçilərin həyatını sığortalamaq mümkün olacaq: "Əhalinin çoxu sığortadan qaçır. Bu, hələ bizim həyat-tərzimizə daxil olmayıb. Bu, insanların həyat səviyyəsindən asılıdır. Kasıb, orta təbəqəli adam istəmir ki, özünü sığortalasın. Amma dünya təcrübəsində bu sistem işləyir. Yeri gələndə kasıb ailələrin sığortalanma xərclərinin maliyyələşmə mənbəyi təmin edilir".
P.S. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev artıq tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb.